Brilliant Dadaşova Türkiyədə 3D formatında hazırlanan layihəyə çəkilib.
Oxu.Az xəbər verir ki, xalq artisti Brilliant Dadaşova dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə Türkiyədə ciddi layihəyə imza atıb. Belə ki, qardaş ölkənin Mədəniyyət Nazirliyi və “Ferit Ginöl Kültür və Sanat” mərkəzinin təşkilatçılığı ilə “Səs ver Gazientep” layihəsində iştirak edib.
Türkiyənin məşhur sənət adamları ilə bərabər azərbaycanlı müğənni layihə üçün səsini yazdırıb və videoçəkimlərdə iştirak edib. Müğənninin ifası türk musiqiçilərini o qədər məftun edib ki, Brilliant Dadaşova digər sənətçilərdən fərqli olaraq 1 deyil, 3 musiqi ilə layihədə iştirak edib.
Bununla bağlı Oxu. Az-a açıqlama verən müğənni bunları dedi:
“İlk mahnımı oxuyandan sonra hərkəs mənə hocam deyə müraciət edirdi. Onlar elə ilk musiqidən sonra “Sizdən çox şey öyrənilir” dedilər.
Türk qardaşlarımızın sənətə belə qiymətləri məni çox sevindirdi. Kaş ki, Azərbaycanda da məni təkrarlayıb, məndən öyrənənlər bunu danmasın”.
Brilliant xanım layihə çərçivəsində “Bahçalarda mor meni”, “Lingo lingo şişeler” və “Helvacı helva” adlı Antep türkülərini ifa edib. Qeyd edək ki, layihə ilk dəfə olaraq 3D formatında hazırlanıb və çəkilişlər məşhur Zeugma mozaik muzeyində gerçəkləşib.
“Səs Ver Gaziantep” layihəsinin prodüseri “Ferit GİNOL Kültür ve Sanat Merkezi”nin Genel Müdürü Rauf Akıncı bu layihənin Türkiyədə və dünyada çok səs gətirəcəyini söyləyərək, layihəyə dəstək verən Brilliant Dadaşovaya təşəkkürünü bildirib.