Bu yaxınlarda aparıcı Zaur Kamalın təqdimatında yayımlanan “5/5” verilişində maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, verilişə dəvət olunan əməkdar artist Elza Seyidcahan sosial şəbəkələrin “ulduz”una çevrilən, müğənni Maral Tahirqızının səs diapazonunu canlı efirdə yoxlayıb. Media və sosial şəbəkə istifadəçiləri bu hadisəyə biganə qalmayıb. Hər iki qonaq haqqında müxtəlif rəylər və şərhlər yazılıb.
Bununla əlaqədar Oxu.Az-ın əməkdaşı əməkdar artist Elza Seyidcahanla əlaqə saxlayıb:
“Bilirsiniz ki, həmin veriliş şou xarakteri daşıyır. Maral xanım deyir ki, mənim 7 oktava səsim var. Musiqidə ümumiyyətlə, 7 oktava yoxdur, 5 natamam oktava var. Məndən xahiş etdilər ki, onun səsini yoxlayım. Onun səsi 2-ci oktavanın re diezinə (“re#”) qədər idi. Uşaqlıqdan bu sənətlə məşğul olsa idi, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında komik rolları canlandıran aktrisa ola bilərdi. Yoxsa, özünü 40 yaşında karikatura vəziyyətinə salıb. Bəzi verilişlər də onu çağırıb özlərinə gündəm yaradırlar. Maral də belə şeyləri dərk etmir”.
- Əksər sosial şəbəkə istifadəçiləri sizin haqqınızda “Heç özünün 1 oktava səsi yoxdur, amma canlı efirdə kiminsə səsini yoxlayır”,- deyə şərh yazırlar. Buna münasibətiniz...
“Onu hansı savadsız deyibsə, ona demək istəyirəm ki, Elza Seyidcahanın səs diapazonu 2-ci oktavanın fa diezinə (“fa #”) qədər gəlir”.
Aytən Sadıqzadə
www.oxu.az