ANS telekanalının aparıcısı Aytən Səfərova İrandan Azərbaycana qayıdarkən iranlı sərhədçinin kobudluğu ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu haqda aparıcı Facebook səhifəsində məlumat verib:
“İranlıların, farsların hörmətsizliyi neçə gündür ki, əsəb sistemimi sakit buraxmır. Sərhəddə pasportu vermişəm. Başında 3 kilo jele olan, alnından tər, sifətindən zəhrimar yağan bir sərhədçiyə... O da pasportumu götürüb möhürü vurdu və əvvəlkilərdə olduğu kimi mənim də pasportumu qarşıma zibil kimi tulladı. Mən də sifətinə baxıb “zibil” deyib pasportu götürdüm, üzərindəki gerbimizi öpdüm, nifrətlə baxıb uzaqlaşdım. Çaşmışdı... Amma heç nə demədi.
Biz tərəfə keçəndə öz sərhədçilərimiz və gömrükçülərimizi görüb sevindim. Soruşanda ki, siz də İran pasportlarını tullayırsınız? Dedilər ki, bizdə belə “mədəniyyət” yoxdur. Bizim sərhədçilərimizə və İranla sərhəddəki Biləsuvar Gömrük Postundakılarımızın hamısına əhsən. Fəxr edirəm!”.
