Ötən həftə efirə gedən “Sevimli şou” verilişinin reklam fasiləsində tanınmış müğənnilər Cavad Rəcəbov və Qədir Qızılsəs (Məmmədov) əlbəyaxa olublar.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a verilişdə tamaşaçı qismində iştirak edən şəxslərdən biri məlumat verib.
AzNews.az məsələ ilə bağlı sözügedən verilişin aparıcısı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlayıb. M.Güləddinoğlu məlumatı qismən təsdiqləyərək bildirib ki, hər şey efirdən əvvəl sənətçilərin bir-birinə salam verməməsindən başlayıb:
“Qonaqlarım adətən verilişdən yarım saat əvvəl gəlirlər. Ötən yox, ondan əvvəlki verilişdə gördüm ki, bunlar bir-birinə salam vermədilər. Bu məqam mənim gözümdən yayınmadı. Canlı yayımda soruşdum ki, bir-birinizi tanımırsınız?
Cavad Rəcəbov Qədir Qızılsəsdən soruşdu ki, mənim adımı bilmirsən? Qədir də bildirdi ki, bilirəm adın Rəcəbdir. Cavad da bundan əsəbiləşdi. Cavadın da bu sualı Qədiri əsəbiləşdirdi. Ardınca Rəcəbov bildirdi ki, “Qədir, sən mənim mahnılarımdan bəhrələnmisən””.
Teleaparıcı bildirib ki, efirdə baş verən bu mübahisə reklam zamanı müğənnilərin bir-birinə hücum etməsiylə nəticələnib:
“Reklam fasiləsində hər ikisi çox aqressiv halda ayağa qalxdılar və bir-birinə cummaq istədilər. Amma təbii ki, mən imkan vermədim. Kimsə kimisə vurmadı. Lakin çox kəskin şəkildə cavablar oldu”.