Ötən gün mətbuatda müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun yazılan fikirləri birmənalı qarşılanmayıb.
Oxu.Az xəbər verir ki, Aysun İsmayılovanın yol hərəkəti qaydalarını pozduğu halda anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığı qeyd olunub. Bu açıqlamaya Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama gəlib. O, ictimaiyyətin tanıdığı xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını bildirməklə, eyni zamanda sərt danışıb:
“Bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar”.
Gecce.az-a açıqlama verən Rəqsanə qanunların hamı üçün eyni olduğunu bildirib və Aysunun fikirlərinin bu qədər ictimailəşdirilməsindən narahatlığını gizlətməyib:
“Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də hələki maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin avtomobildə ciddi xətalar törətməyib, çünki sürücünün təcrübəsi olduğu üçün qızımı ona etibar edirəm. Yol polisi kiçik səhvlərə görə saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Bu da hər dəfə baş vermir. Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mən də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və protokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır. Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Güzəşt hər bir xanım üçün göstərilə bilər. Bu da mentalitetimizdən, zəif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir. Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin səlahiyyətindədir. Xahiş edirəm, övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin”.