Rusiyanın xalq artisti Aleksandr Buynovun mikroinsult keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçinin prodüseri Sergey Pudovkin açıqlama yayıb.
Sənətçinin səhhəti ilə bağlı gəzən şayiələrə aydınlıq gətirən nümayəndə "gazeta.ru" saytına açıqlamasında bildirib ki, hər şey qaydasındadır.
"Narahatlığa görə təşəkkürlər. Hər şey qaydasındadır. Yayılan xəbərlər reallığı əks etdirmir", - deyə o bildirib.
Prodüserin sözlərinə görə, sağlam informasiya cəmiyyətində başqasının səhhətini müzakirəyə çıxarmaq etik cəhətdən doğru hesab edilmir.
S.Pudovkin həmçinin qeyd edib ki, A.Buynov iyunun 11-də nəvələri ilə birgə konsert proqramında çıxış edəcək. Bununla yanaşı, ifaçı günün ikinci yarısında telelayihələrin birində münsif qismində iştirak edəcək.
Nümayəndənin vurğuladığı kimi, sənətçinin bu qrafiki onun səhhətinin tam yerində olmasının əyani sübutudur.
Qeyd edək ki, bir müddət əvvəl müğənninin may ayında xəstəxanaya yerləşdirilməsi və bir həftə tibb müəssisəsində müalicə alması haqqında iddialar ortaya çıxmışdı.
Rusiyanın Xalq artisti, "Vesyolıye rebyata" ansamblının sabiq iştirakçısı, tanınmış müğənni Aleksandr Buynov insult keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, 76 yaşlı sənətçi may ayında xəstəxanaya yerləşdirilib və ona işemik insult diaqnozu qoyulub. Həkimlərin müdaxiləsindən sonra A.Buynovun vəziyyəti sabitləşib və tibbi göstəriciləri normaya qayıtdığı üçün o, evə buraxılıb. Mütəxəssislər tərəfindən müğənniyə fiziki aktivliyi azaltmaq və daha çox istirahət etmək tövsiyə olunub.
Qeyd olunub ki, hazırda məşhur sənətkar artıq yaradıcılıq işləri ilə məşğuldur. Xəstəxanadan çıxdıqdan sonra o, yeni mahnı üzərində işləməyə başlayıb və vaxtaşırı səhnə çıxışları edir.