Əməkdar artist Tünzalə Ağayeva Türkiyədəki yeni layihələrindən danışıb.
Oxu.Az “10lar” verilişinə istinadla xəbər verir ki, “TRT Muzik” telekanalında “Bir səsin cazibəsi” verilişinin aparıcısı olan müğənni albom üzərində çalışır.
Tünzalə xanım hətta qədim türk şeirlərinə mahnılar bəstələyib:
“Türkiyədə yeni single və albom hazırlanır. Mən Azərbaycanda ilk bəstələrimi Mikayıl Müşfiq və Səməd Vurğunun şeirlərinə yazmışam. Türklərin də çox əski şeirləri var, onlara mahnılar bəstələmişəm.
Eyni zamanda, iki klip təqdim edəcəyəm. “Hədiyyə” və “Sevdi can səni” mahnılarıma klip çəkdirmək istəyirəm”.
Müğənni heç kiminlə rəqabətə girmədiyini vurğulayıb və qeyd edib ki, artıq səhnədə öz yerini tutub. Tünzalə Ağayeva digər işlərindən də söz açıb:
“3-cü ildir ki, tələbələr arasında keçirilən “Univision” mahnı müsabiqəsinin münsiflər heyəti və təşkilat komitəsindəyəm”.
Sən demə, əməkdar artist heç vaxt müğənni olmağı arzulamayıb:
“Heç vaxt müğənni olmağı arzulamamışam. Deyirdim ki, uzaqbaşı bəstəkar olacağam. Lakin bir arzum içimdə yatır – böyük əsərlərin bəstəkarı olmaq.
Amma mahnılarımı və mahnı yazmağı sevirəm. Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Röya Ayxana mahnı yazmağı söz vermişəm. Heç vaxt düşünməmişəm ki, bu mahnı qəşəngdir, onu heç kimə verməyim, özüm oxuyum”.
Aytən Sadıqzadə
www.oxu.az