ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Avropanın Əməkdar elm və mədəniyyət xadimi, aktrisa Amaliya Pənahova olub.
Oxu.Az xəbər verir ki, verilişin yaradıcı heyəti aktrisaya sürpriz edərək nəvəsi Aydını studiyaya dəvət edib. Gələcəkdə nənəsinin yolunu davam etdirmək istədiyini söyləyən gənc, ən yaxın dostunun məhz Amaliya Pənahova olduğunu bildirib:
“Aktyor, Amaliya xanımın davamçısı olmaq istəyirəm. Ən çox sevdiyim filmləri “Babək”, “Qərib cinlər diyarında”dır. Dünyada ən gözəl nənə Amaliya nənədir. Məni danlamır. Ailədə ən yaxın dostum Amaliya xanımdır. Hazırda “Planet Parni iz Baku” KVN-teatrında çıxış edirəm, oranın aktyoruyam”.
Aktrisa nəvəsi haqqında danışaraq onun üç dil bildiyini söyləyib:
“Ona heç kim mane olmur. İndi şərait var, o vaxt yox idi. O bilir ki, vəsait olmayan yerdə heç nə etmək olmaz. Bunun üçün də bilik gərəkdir. Dilləri bilmək, sənət sahibi olmaq lazımdır. İndi mənim “Amal film prodakşn”ım var. Deyə bilərdim ki, gəl orada çalış. Amma istəyirəm ki, çətinlikləri görə-görə bu işə özü gəlsin. Ağlı, biliyi, savadı var, 3 dildə danışır. Amma yaxşı olar ki, əlində sənəti olsun”.
A.S.
www.oxu.az