“Ən çox sevdiyim və rahat olduğum yer konsert səhnəsidir. Televiziyalara nadir hallarda çıxıram. Amma bu o demək deyil ki, televiziya verilişlərinə çıxmağın əleyhinəyəm və ya proqramlara getməyə pis baxıram. Bu, belə deyil”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Miri Yusif deyib. Sənətçi efirlərdə az-az görünməsi və verilişlərə qatılmaması ilə bağlı bunları bildirib:

“Hamıya böyük hörmətim var. Ancaq mən konsertlərdə çıxış etmək istəyirəm. Yaxın günlərdə televiziya kanallarının birində çıxışım olacaq. Lakin hansı verilişə gedəcəyim hələ ki bəlli deyil”.
Həmkarı, Xalq artisti Röya Ayxanla oxuduğu duetlərin sayını çoxaldan Miri Yusif onunla yaxın aylarda konsert verəcəyinin də anonsunu verib:
“Bundan sonra da Röya ilə arda-arda duetlərimiz olacaq. Bizim iş birliyimizin sonu gəlməyib, gəlməyəcək də... Röya ilə oxuyacağım duetlər hələ çoxdur. Onunla birgə stadionlarımızın birində konsert verməyi də planlaşdırırıq”.
Səhnə fəaliyyətinin 10 illik yubileyinə hazırlaşan Xalq artisti may ayında verəcəyi konsertin hazırlıqlarından da danışıb:
“Səhnə fəaliyyətimin 10 illik yubileyinə hazırlaşıram. Konsert möhtəşəm olacaq. Mayın 24-də “Baku Crystal Hall”da baş tutacaq konsertimin məşqləri və hazırlıqları sürətlə davam edir. İndiyə kimi oxuduğum mahnılar, duetlər hamısı tamaşaçılara təqdim ediləcək. Kiminlə duet oxumuşam, hamısı o gecə mənimlə bərabər olacaq”.

“Bu konsertə kimi yenidən fanatlarımla görüşəcəyəm. İndi sizin sayt vasitəsi ilə pərəştişkarlarıma anons vermək istəyirəm - ruh əkizlərim, hazır olun, sizinlə yenidən görüşəcəyəm. Ötən görüşümüzdə fanatlarla çox isti və rahat abu-hava oldu”, - M.Yusif qeyd edib.


Rəşad Əliyev