Oxu.Az xalq artisti Möhlət Müslümovun 1937.az-a müsahibəsini ixtisarla təqdim edir:
– Möhlət müəllim, siz köklü bakılısınız. Bakılılığın özünəməxsus xüsusiyyətləri, mühafizəkarlığı sizin xarakterinizə nə kimi təsir göstərib?
– Mən köhnə kişiləri çox sevirəm. Əfsuslar olsun ki, o kişilər getdikcə azalır. Kişi, gərək, sözünün üstündə dursun, riyakar olmasın. Əgər kişi deyiriksə, istər bakılı olsun, istər şəkili, elə kişi xüsusiyyətlərinə malik olmalıdır. Azərbaycan kişisi deyəndə gözümüzün qabağına ulu babalarımız gəlir. Amma gözümüzü açıb yanımızdakı kişiləri görəndə düşünürsən ki, görəsən, mən bu xalqa məxsusam? O kişilər də belə olub? Tək kişilər yox, elə qadınlarımıza da aiddir bu.
Ümumiyyətlə, mən bir az millətçiyəm. Bir dəfə Hollandiyada danışdım, mənə dedilər ki, sən şovinistsən. Dedim, millətpərəst olmayan insan, insan deyil ki...
– Sizin özünüzü ailənin, nəsil-kökün köhnə kişisi hesab etmək olar?
– Mənim ətrafım, yaxınlarım məni elə sayır. Çox adam məni ciddi, sərt adam kimi tanıyır, amma əslində, ürəyim yumşaqdır. Elə bil ki, balaca uşaq ürəyidir. Heç nədən kövrələ, ağlaya bilərəm.
– Köhnə kişilərdən olsanız da, yəqin ki, sənət aləmində olmaq sizi bir qədər dəyişməyə vadar edir, müəyyən güzəştə getməli olursunuz.
– Hərdən həyat məcbur edir, bəzi şeylərə güzəşt edirsən, başını yelləyirsən, əl çalırsan. Lap belə gözəçarpan şeylərdə isə həmişə qürurumu saxlamışam. Həmişə ağa ağ, qaraya qara demişəm.
– Əsl Azərbaycan kişisindən, qadınından danışdınız. Mədəniyyət aləmində bu obrazdan uzaq insanlar çoxdur. Onlar sizi qıcıqlandırır, yoxsa artıq illər “yola verməyi” öyrədib?
– Onlar mənim gündəlik həyatımdadır və gördükcə daxilən əzab çəkirəm. İstedadları yox, səsləri yox, sənətdən başqa hər şeyləri var. Televiziyada da səhərdən-axşama onları göstərirlər. Hərdən deyirəm, İlahi, yəqin, bunların başqa millətlə qarışıqları var. Başqa izahı yoxdur. Efirə çıxıb ağızlarına gələni danışır, yadda qalmaq üçün bir-birlərinə şər atırlar. Adam nə qədər “mən” deyər? Özü də xalq onları çox gözəl tanıyır, kimin kim olduğunu bilir.
– Efirdəkilərdən şikayətlənirsiniz, amma arada rastımıza Toliklə şəkliniz çıxır...
– (gülür) Vallah mənim təqsirim deyil, xətirlərinə dəyə bilmirəm. Bilirsiniz, bir məclisə gedirəm, 10-15 adam şəkil çəkdirməyə gəlir. İrana gedəndə 2 saat konsert vermək çəkirsə, 2 saat da şəkil çəkdirməyə gedir. Heç kimin qəlbini qıra bilmirəm. Bu, mənim günahım deyil, mənə görə, tara görə gəlirlər. Mənim hər adamla şəklim ola bilər. Bu, gərək, mənim ayağıma yazılmasın. Başqaları da deyir ki, gərək, sən filankəsin yanında görünməyərdin. Sağ olsunlar, mənə belə qiymət verirlər. Amma yenə deyirəm, vallah mənim təqsirim yoxdur.