Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
2018-ci il Azərbaycanda nə ilə yadda qaldı? - YEKUN
Yola saldığımız 2018-ci il Azərbaycan xalqı və dövləti üçün bir çox hadisələrlə zəngin və əlamətdar olub.
11 aprel seçkiləri və xalqın növbəti etimadı
2018-ci ilin ən yaddaqalan və tarixi hadisələrindən biri növbədənkənar prezident seçkiləri olub.
Belə ki, aprel ayının 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçirilib və Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin dəstəyi, etimadı ilə dövlət başçısı İlham Əliyev yenidən ölkə prezidenti seçilib.
Ona daha yeddi il müddətinə prezidentlik mandatı verilib və aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ilə səlahiyyətlərinin icrasına başlayıb.
Novruz Məmmədov baş nazir vəzifəsinə təyin edildi
Prezident seçkilərindən sonra dövlət başçısı özünün konstitusion səlahiyyətlərindən istifadə edərək, hökuməti, Nazirlər Kabinetini buraxıb.
Eyni zamanda, yeni hökumətin formalaşdırılması istiqamətində addımlar ataraq, 22 il müddətində baş nazir işləyən Artur Rasi-zadənin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovla əvəzlənməsi barədə qərar verərək, onun namizədliyinin təsdiqlənməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib.
Aprel ayının 21-də Milli Məclisin xüsusi iclasında Novruz Məmmədovun namizədliyi təsdiqlənib, 21-23 aprel tarixində yeni hökumətin tərkibinin formalaşdırılması istiqamətində müvafiq iki sərəncam imzalanıb.
Həmin sərəncamlarla uzun illər baş nazirin müavinləri işləmiş Xalq yazıçısı Elçin, o cümlədən, Abid Şərifov və İsmət Abbasov vəzifələrini itirməli olublar. 18 ilə yaxın Bakı şəhərinin icra başçısı olmuş Hacıbala Abutalıbov baş nazirin müavini təyin edilib.
Nazirlərdən və komitə sədrlərindən Hüseynqulu Bağırov, Aydın Əliyev, Nazim İbrahimov, Səlim Müslümov, Heydər Əsədov və digərləri postlarını itirib, onlar yeniləri - Muxtar Babayev, Rövşən Rzayev, Fuad Muradov, Vüsal Hüseynov, Sahil Babayev və başqaları ilə əvəzləniblər. Bununla da, Azərbaycanda Novruz Məmmədovun başçılığı ilə yeni hökumət fəaliyyətə başlayıb.
“Cümhuriyyət İli”
Həmçinin, ilin ilk günlərində, 10 yanvar tarixində ölkə prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.
Bu, şübhəsiz ki, səbəbsiz olmayıb.
Belə ki, düz 100 il öncə, 1918-ci ilin 28 May tarixində Azərbaycanın istiqlaliyyəti elan olunub və ilk müstəqil Cümhuriyyətimizin əsası qoyulub.
Düzdür, bu dövlətin ömrü cəmi 23 ay çəkib, amma bu qısa müddət ərzində o, çox böyük və şərəfli bir yol keçib, Azərbaycanın imzasını imzalar içində tanıdıb və bu il mayın 27-də ilk müstəqil dövlətimizin 100 illiyi ən yüksək səviyyədə qeyd olunub.
Cünnüt qələbəsi və Hərbi Parad
Bu sərəncamdan irəli gələrək, iyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm Hərbi Parad təşkil olunmaqla qeyd edilib. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Cünnüt kəndinin erməni işğalından azad edilməsi, ermənilərə, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirilməsi olub.
Belə ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Cünnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edilib. Bu əməliyyat nəticəsində ümumilikdə 11 min hektara yaxın ərazi azad olunub.
Bakının azad edildiyi gün
Bununla yanaşı, adıçəkilən sərəncamın məntiqi davamı olaraq, sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərədfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olunub.
Həmin gün Bakıda möhtəşəm Parad təşkil edilməklə, bir daha Azərbaycanın dünyaya nə qədər güclü və qüdrətli dövlət olduğu nümayiş etdirilib, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi, sarsılmazlığı növbəti dəfə bəyan edilmiş olub.
Dövlət başçısı İlham Əliyev Bakının azad edilməsinin tarixi hadisə olduğunu və qədirbilən Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacağını bildirib. Bununla yanaşı, bəyan edib ki, Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”, - deyə vurğulayıb.
100 yaşlı Azərbaycan Parlamenti
Senyabr ayının 21-də isə “Cümhuriyyət İli” çərçivəsində Müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin - AXC Parlamentinin 100 illiyi Milli Məclisin xüsusi və təntənəli iclası ilə qeyd olunub. Dünyanın 50-yə yaxın ölkəsinin, nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətlərinin iştirakı ilə AXC Parlamentinin 100 yaşı ən yüksək səviyyədə qeyd edilib.
Adıçəkilən tədbirdə çıxışı zamanı dövlət başçısı “Dörd ay bundan əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etdik. Bu, tarixi hadisə idi. Çünki ilk dəfə idi ki, müsəlman aləmində demokratik respublika yaradılmışdı və Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bu respublikanı yaradan biz olmuşuq”, - deyərək, bir daha AXC-ni, Azərbaycan Parlamentini tarixi hadisə adlandırıb, eləcə də, Azərbaycanın müstəqilliyinin artıq dönməz xarakter daşıdığını, ölkənin bütün ərazisində suveren hüquqlarını təmin etmək əzmində olduğunu dünyaya bəyan edib.
Azərbaycan bölgənin, Avropanın və dünyanın enerji təhlükəsizliyi təminatçısı rolunda
Prezident seçkilərindən qısa müddət sonra nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atılıb.
Belə ki, istiqlaliyyətimizin, AXC-nin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirilib və bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında əsas aktorlarından biri olduğu bir daha təsbit olunub.
Bundan cəmi 14 gün sonra, iyun ayının 12-də Türkiyənin Əksişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə TANAP-ın rəsmi açılış mərasimi keçirilib. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq, “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir.
TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz XXI əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”, - deyə bəyan edib.
Bu istiqamətdə növbəti addım kimi, oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq, birgə səylərlə reallaşdırılan və nəinki iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun inkişafına böyük töhfəsi olacaq “STAR” neft emalı zavodunun açılış mərasimi keçirilib. Açılış mərasimində hər iki ölkənin lideri iştirak və çıxış edib.
Tarixi Brüssel zəfəri
Eyni zamanda, bu ilin yayında, iyul ayında Azərbaycan prezidentinin Brüsselə növbəti səfəri olub və bu, siyasi tariximizə “Brüssel zəfəri” kimi düşüb.
Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edilib.
Yəni tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldıran sənədin paraflanması baş tutub, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommünikedə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı xüsusi olaraq qeyd edilib.
Aktau anlaşması, 22 illik zəhmətin bəhrəsi
Bununla bərabər, avqust ayının 12-də məhz Azərbaycanın, zamanında eks-prezident, mərhum Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri nəticəsində 1996-cı ildən davam edən 22 illik Xəzər müzakirələri, danışıqları öz müsbət sonluğu ilə nəticələnib.
Həmin gün 2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı dövlət başçısının iştirakı ilə tarixi Aktau Konvensiyasına imza atılıb ki, bununla da Xəzərin hüquqi statusu müəyyənləşdirilib. Həmçinin, bundan sonra Xəzərin “sülh və təhlükəsizlik dənizi”nə çevrilməsi bəyan olunub.
Ermənistan üzərində növbəti diplomatik-siyasi qələbə
31-ci ilini artıq geridə qoymaqda olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli bu il də baş tutmasa, Ermənistanın destruktivliyi, təxribatçılıq əməlləri davam etsə belə, Qarabağ probleminin çözümü istiqamətində Azərbaycan dövlətinin, ölkə liderinin ardıcıl səyləri davam etdirilib.
Brüssel zəfərindən sonra Ermənistana növbəti diplomatik-siyasi zərbə endirilib. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığı halda, Azərbaycan Ermənistanın bu təşkilatda da küncə sıxışdırılmasına, öz yerini “tanımasına” nail olmağı bacarıb. Hərbi cani Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması ilə Ermənistanın necə etibarsız bir dövlətə çevrildiyi bir daha bəlli olub.
Azərbaycanın bu qurumdakı dostlarının, müttəfiqlərinin qətiyyəti, siyasi iradəsi nəticəsində KTMT-nin Ermənistanın əlində Azərbaycana qarşı bir təhdidə, təzyiq mexanizminə çevrilməsinin qarşısını alıb, eyni zamanda, işğalçı dövlətin bütün məkrli planları puç edilib.
Artıq bu quruma bir zamanlar Bakıda hərbi təhsil almış belarus Stanislav Zas rəhbərlik edir ki, bununla bağlı bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko əmr imzalayıb.
Qarşıdan, cəmi bir həftə sonra isə 2019-cu il gəlir. Hər yeni il də özü ilə bərabər yeni ümidlər, yeni arzular doğurur.
Arzu edək və inanaq ki, növbəti ildə bütün arzularla yanaşı, Qarabağlı Azərbaycan arzusu da baş tutacaq, 31 illik münaqişə Azərbaycan xalqının gözlədiyi, arzuladığı və ümid etdiyi sülhlə bitəcək!
Kamil HƏMZƏOĞLU