Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir
ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub Bakı-Vaşinqton əlaqələrinin perspektivi baxımından diqqətəlayiqdir.
Bayden məktubda Bakıda keçiriləcək COP29-a dəstəyini ifadə edib və Azərbaycanın qlobal enerji landşaftındakı rolunu, o cümlədən Avropanın enerji təhlükəsizliyində vacib sütun olduğunu diqqətə çatdırıb.
Hərçənd ki, Azərbaycanla ABŞ arasındakı münasibətlərdə nahamarlıqlar da mövcuddur, lakin ümumilikdə iki dövlətin əlaqələrində yeni səhifə açılması tendensiyaları artıq açıq müşahidə edilə biləcək səviyyədədir.
Çünki ABŞ Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Cənubi Qafqazda geosiyasi reallıq yarada bilmək təcrübəsini strateji olaraq qiymətləndirir. Başqa yandan, ABŞ Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyətinin strateji perspektiv baxımından Vaşinqtonun maraqlarına cavab verdiyindən məmnundur. Buna görə də ABŞ Azərbaycanla enerji və təhlükəsizlik sahəsindəki prioritetləri iki dövlətin potensiallarını gücləndirəcək sahə kimi qiymətləndirir.
Buna görə də ABŞ:
- Azərbaycanla tərəfdaşlığın davam etdirilməsi və strateji səviyyəyə yüksəlməsi üçün əlavə regional alətlər axtarır,
- Azərbaycanın İran, Rusiya ilə həmsərhəd olması, Türkiyə ilə strateji müttəfiqliyi, Çinlə əməkdaşlığı inkişaf etdirməsini Vaşinqtonun manevr sahəsində imkanlar kimi qiymətləndirir.
Baydenin məktubu hər şeydən öncə bu qeyd olunan məqamları göstərə bilər. Bu həm də gələcəyə baxış üçün COP29 amilinin fürsət kimi qiymətləndirilməsi mənasına gəlir.
Belə ki, Azərbaycanın Avropa bazarları üçün ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji ixracatçısına çevrilmə ərəfəsində olması ABŞ xarici siyasətindəki Cənubi Qafqaz çərçivələrinin yenidən hazırlanmasına gətirib çıxarır.
Azərbaycanın bərpaolunan enerji potensialını artırmaq səyləri ABŞ-nin regiondakı strateji maraqları ilə uyğunluq təşkil etdiyindən o, münasibətlərin yeni səhifələrini vərəqləyir.
Bu, həm Azərbaycanın, həm də ABŞ-nin regional maraqlarını gücləndirəcək gələcək əməliyyatların hazırlanması üçün yaxşı platforma təklif edir. COP29 tədbiri Cənubi Qafqazda Azərbaycanın öndərliyi altında olan yeni reallıqlar kontekstində ABŞ ilə əməkdaşlığına əlavə töhfə verir. Ehtimal ki, ABŞ də bunu yüksək dəyərləndirir və Azərbaycanla həll olunmamış məsələlərin həllinə çalışır.
Həll edilməmiş məsələlərə gəlincə, bu:
- Azərbaycan-Ermənistan sülh gündəliyinə münasibətdə nəzərəçarpan fikir ayrılıqları,
- Azərbaycana qarşı ABŞ-nin də dəstək verdiyi beynəlxalq kampaniyanı nəzərdə tutula bilər.
Ancaq Azərbaycanın həm imkanlarını gücləndirərək regional və beynəlxalq təhlükəsizlik səylərinə töhfələrini artırması, həm də COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyi ABŞ-ni "təmas xətti"ni dəyişməyə vadar edir. Yəni ABŞ Azərbaycanla əlaqələri daha diqqətlə "oxusa" və yeni təhlillər hazırlasa, Vaşinqtonun Bakıya olan dəstəyi indikindən də müsbət mənada əhəmiyyətli dərəcədə fərqlənə bilər.
NƏTİCƏ
Baydenin məktubundakı istiqamətlər ABŞ-nin Azərbaycanla əlaqələrin pozitiv ruhda qalması üçün missiyasının bir hissəsini əks etdirir.
Bu missiya məqsədinə nail olmaqdan ötrü COP29-u dəstəkləmək ehtiyaclarını hiss edir. ABŞ strateji maraqlarının təsirlərinin genişlənməsi üçün Azərbaycanın Cənub Qaz Dəhlizindəki roluna və Avropaya alternativ enerji ixrac etmək potensialına dəstək verməyi qiymətli hesab edir.
Aqşin Kərimov,
Siyasi şərhçi
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb