Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Ukraynanın məğlubiyyətini etiraf etdi: Zelenski geri çəkiləcək?
"Ukrayna, çətin ki, referendumlar nəticəsində artıq Rusiyanın tərkibinə daxil olmuş əraziləri geri qaytara bilsin".
Bunu ABŞ-nin Dövlət katibi Antoni Blinken "The New York Times" qəzetinə deyib.
O vurğulayıb ki, qərarı ilk növbədə ukraynalıların özləri verməlidirlər:
"Amma Kiyev güzəştə getməli olacaq və bu, yəqin ki, onun xeyrinə olmayacaq".
Bənzər açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski də Kiyevin NATO zəmanəti ilə münaqişənin nizamlanmasına hazır olduğunu diqqətə çatdırıb:
"Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür".
Qeyd etmək yerinə düşər ki, Ukraynada münaqişəyə son qoymaq üçün mümkün tarix kimi 25 yanvar diqqətə çatdırılır. Çünki yanvarın 20-də ABŞ prezidentliyinə keçdikdən sonra dərhal nizamlanmaya nail olmaq niyyətində olduğunu dəfələrlə bəyan edən Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Ukrayna lideri də vurğulayır ki, rəsmi Kiyev yanvarın sonunda ABŞ və Avropa ölkələri ilə münaqişənin həlli üzrə danışıqlar aparmağa hazırdır.
Bəs bütün bunlar nədən xəbər verir? Qərb Ukraynanı təslim olmağa hazırlayır və bu, müharibənin bitəcəyinin anonsu kimi qəbul edilə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert İsmail Cingöz hesab edir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) seçki prosesi davam edərkən keçmiş prezident və prezidentliyə namizəd Donald Tramp tez-tez Ukrayna-Rusiya müharibəsinə toxunaraq: "Mən prezident olsaydım, bu müharibə olmazdı. Qalib gəlsəm, 24 saat ərzində bunu sona çatdırmaq üçün çalışacağam. "Müharibələri başladan deyil, müharibələri bitirən prezident kimi tarixə düşmək istəyirəm", - deməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib:
"Təbii ki, Rusiya-Ukrayna müharibəsində tərəflər masaya dəvət olunarsa, Türkiyənin vasitəçi ölkə kimi iştirak etməsi gözlənilir. Çünki Donald Tramp, Volodimir Zelenski və Vladimir Putinin Türkiyənin vasitəçiliyi ilə qurulacaq masanı hədəflədiklərinin beynəlxalq aləmdə gündəmə gəlməsi diqqət çəkir.
Türkiyə NATO üzvü olsa da, Rusiya-Ukrayna müharibəsi başladığı gündən bəri NATO ölkələri ilə birgə hərəkət etməyib və öz xarici siyasəti ilə bu müharibədə konstruktiv fəaliyyət göstərib. Ukrayna və Rusiya liderlərini iki dəfə "Taxıl dəhlizi" sazişlərində bir araya gətirib və imzalanan müqavilələrlə Türkiyənin qlobal taxıl problemlərini həll etmək təşəbbüsləri dünyanın diqqətini çəkib.
Trampın təşəbbüsləri ilə atəşkəs və sülh danışıqlarına başlana bilsə, Türkiyənin yenidən vasitəçi ölkə kimi masa arxasında olmasının sülhə müsbət töhfələr verəcəyi anlaşılır və tərəf olan ölkələrin liderləri də bunu nəzərə alırlar.
Bununla belə, danışıqların asan olmayacağı da dəqiqdir. Çünki Trampın Ukraynanı ərazi itirmək riskinə inandıracağı gözlənilir. Əks halda, müharibə davam edərsə, ABŞ-nin kəsilən yardımları fonunda Ukrayna, onsuz da, atəşkəsi qəbul etməyə məcbur olacaq. Avropa ölkələrinin Ukraynaya uzunmüddətli yardımı davam etdirə bilməyəcəyi, maliyyə və sosioloji çətinliklər yaşayacağı da qaçılmazdır. O da məlumdur ki, Avropa Rusiyanın enerji resurslarından asılıdır və enerjinin ABŞ-dən və digər mənbələrdən alınmasının yüksək xərclərinə görə ABŞ-siz Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyəcəklər. Ona görə də Zelenskinin sülh danışıqlarında ərazi itirmək riskindən başqa yolu yoxdur".
"Türkiyənin Krım məsələsində Ukraynanın yanında olması Zelenskiyə bir az ümid verir. Çünki Türkiyə Krımın ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü müdafiə edir.
Ukraynanın başqa bir qorxusu Donetsk və Luqanskdan ibarət Donbas bölgəsindən imtina etmək məcburiyyətində qalacağı ilə bağlıdır. Lakin Zelenskinin qəbul etməkdən başqa da seçimi yoxdur. Ukrayna müharibəsi səbəbindən embarqolara məruz qaldığı dövrdə Türkiyə Rusiyanın dünyaya qapısı olub. Bundan əlavə, Türkiyənin Türküstan coğrafiyasında, Qafqazda və Yaxın Şərqdə Suriya mərkəzli nüfuzunun artması ilə Rusiyanın da Türkiyəyə olan ehtiyacının gündən-günə böyüməsi Moskvanı Ankara ilə dialoqa vadar edir. Ona görə də Putinin Türkiyənin nüfuzundan yararlanmaq istəyəcəyi proqnozlaşdırılır", - deyə şərhçi vurğulayıb.
Müsahibimizin qənaətinə görə, Rusiya Federasiyasının tərkibində olan çoxsaylı türk əhalisinin və muxtar türk cümhuriyyətlərinin olması Putini Türkiyə ilə birlikdə hərəkət etməyə və ona yaxın olmağa məcbur edir:
"Üstəlik, Suriyada Bəşər Əsəd rejiminin dağılması və müxalifətin hakimiyyətə gəlməsi ilə Rusiyanın Türkiyənin yeni administrasiya ilə strateji səviyyələrdə dialoq inkişaf etdirdiyini yaxından izlədiyi açıq-aydın görünür. Rusiyanın Suriyadakı hava və dəniz bazalarının vəziyyətinin qeyri-müəyyən olaraq qaldığını düşündüyü və Türkiyənin təşəbbüslərinin gələcəkdə də bu bazaların mövcudluğunun qorunub-saxlanmasında faydalı ola biləcəyi anlaşılır. Buna görə də Türkiyənin yeni Suriya administrasiyası ilə Rusiya arasında vasitəçilik təklifi ala biləcəyi gözlənilir. Nəticədə Donald Trampın Suriyada baş verən proseslərdə, xüsusən də Rusiya-Ukrayna müharibəsinin sona çatmasında Türkiyə ilə birlikdə hərəkət edəcəyi görünür. Bu, onun açıqlamalarından da aydın olur".
"Cənubi Qafqaz" politoloqlar klubunun təsisçisi İlqar Vəlizadə isə Oxu.Az-a açıqlamasında deyib ki, ABŞ və müttəfiqləri son illərdə belə bir rəy formalaşdırmağa çalışırdılar ki, müharibə Ukraynanın qalibiyyəti ilə nəticələnəcək və Ukrayna bütün torpaqlarını qaytaracaq, ABŞ və müttəfiqləri də bunun üçün bütün mümkün yardımları göstərəcəklər:
"Lakin sonradan məlum oldu ki, bu, əzəldən yalançı bir yanaşma olub. Əgər həmin qüvvələr vaxtında özlərinin və Ukraynanın ictimaiyyətinə obyektiv reallıqları desəydilər, bəlkə də, nəticə də fərqli olardı. Çünki cəfəng və populist ideyalarla bu münaqişənin həllinə nail olmaq mümkün deyil. Ona görə də indi tam fərqli mənzərə nümayiş olunur. Həmin dairələr çalışırlar ki, yavaş-yavaş yerli və Ukrayna ictimaiyyətinə reallığı qəbul etdirib, bu cəmiyyətləri Ukraynanın məğlubiyyəti ilə barışdırsınlar".
"Lakin bununla yanaşı, mən referendum olacağını və Ukraynanın da öz məğlubiyyəti ilə barışacağını düşünmürəm. Əslində, hər iki tərəf mümkün razılaşmanı qələbə kimi təqdim edəcək. Burada əsas PR texnologiyalarının rolu daha çox özünü göstərəcək, yəni əsas saziş yox, sazişin cəmiyyətə hansı səviyyədə aşılanması rol oynayacaq. Amma real mənzərəyə baxsaq, görə bilərik ki, Ukrayna heç bir qalibiyyətdən danışa bilməz. Çünki müharibə, əsasən, Ukraynanın ərazisində davam edib və acı nəticələr də daha çox Ukraynanın payına düşüb. Düzdür, Rusiya da sanksiyaların altındadır, iqtisadiyyatına böyük zərbələr dəyib, amma Moskva ilə Kiyevin iqtisadiyyatı arasında müqayisəyəgəlməz dərəcədə fərq var. Hər halda, hadisələr də onu göstərir ki, reallıq qəbul edilir və hər iki tərəf bunu nə qədər tez anlasa, hər iki xalq üçün bu, daha yaxşı olar", - deyə analitik əlavə edib.
Mərahim Nəsib
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiya ilə Ukrayna arasında sülh sazişi nə vaxt imzalanacaq?
- Zelenski atəşkəsin şərtini açıqladı
- Blinken: "Ukrayna çətin ki, itirilmiş əraziləri qaytara bilsin"
- Xoruzun quyruğu göründü: "Makron və Zelenski şəxsi maraqları naminə Avropanı tələyə salıblar"
- Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı