Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında Azərbaycanda hicabın qadağan olunduğu iddiası ilə aksiya keçirilib. Aksiya zamanı hicabla bağlı şüarlar səsləndirilib, tədbirdə iştirak edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu isə çıxışında Azərbaycanı xilafət qaydalarına uyğun idarəçiliyə çağırıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, aksiya ilə bağlı görüntülər ilk olaraq "Köklü Değişim Medya" platformasının "X" hesabında yayımlanıb. "Köklü Değişim Medya" və "Köklü Değişim Dergisi" Hizbüt-Təhrir təşkilatının Türkiyədəki nümayəndəliyi ilə əlaqəlidir.
Aksiya zamanı üzərində "Başörtüsü Allahın əmridir!" və "Hicab Allahın əmridir!" şüarları yazılmış plakat və bannerlər qaldırılıb. Tədbirdə "Köklü Değişim" platformasının simvolları da nümayiş etdirilib.
Çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu Azərbaycanda məktəbli geyimi və hicab ətrafında yaranan mübahisələrdən danışaraq mövzunu "Raşidi Xilafət Dövləti"nin yaradılması çağırışına gətirib. O, müsəlman ölkələrinin vahid xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanın da bu sistemin qaydalarına uyğun idarə olunmasına çağırış edib.
Beləliklə, aksiya təkcə məktəblərdə geyim qaydalarına etirazla məhdudlaşmayıb, Azərbaycanın dövlət quruluşu ilə bağlı siyasi-ideoloji çağırışlar da səsləndirilib.
Hizbüt-Təhrir kimdir?
Hizbüt-Təhrir ərəb dilindən tərcümədə "Azadlıq partiyası" deməkdir. Təşkilat 1953-cü ildə Qüdsdə fələstinli ilahiyyatçı Təqiyəddin ən-Nəbhani tərəfindən yaradılıb. Beynəlxalq panislamist və fundamentalist siyasi təşkilat kimi tanınan Hizbüt-Təhrir fəaliyyətini Şərqi Qüdsdən başlayaraq Livan, Suriya, İraq, Misir, Tunis və Türkiyə də daxil olmaqla, bir sıra ölkələrə yayıb.
Açıq mənbələrdə təşkilatın digər islamçı hərəkatlardan fərqli olaraq geniş ideoloji sistemə və gələcəkdə qurulmasını nəzərdə tutduğu dövlət modelinə dair ətraflı baxışlara malik olduğu bildirilir.
Təşkilatın fəaliyyətinin qadağan edildiyi ölkələr sırasında Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, Banqladeş, Rusiya, Çin və Özbəkistan var. Həmin ölkələrin bir çoxunda təşkilatın üzvləri həbsdədir. Hizbüt-Təhririn Azərbaycanda da fəaliyyəti qadağandır.
Mübahisənin əsasında məktəbli geyimi qaydaları dayanır
Azərbaycanda məktəbli geyimi ilə bağlı qəbul edilən qaydalarda "hicab" və ya "başörtüsü" ifadəsi birbaşa qeyd olunmur. Sənəddə şagirdlərin müəyyən edilmiş məktəbli formasının bütövlüyünü pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadə etməməsi nəzərdə tutulur.
Türkiyənin "Medyascope" nəşrinin yazdığına görə, sentyabrın 21-də qəbul edilən qərarda məktəbli formasının tələblərindən bəhs olunur. Nəşr bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı və müəllimlərə xəbərdarlıq edildiyi barədə məlumatlar da yayıb.
Bununla belə, Türkiyədəki bəzi dini dairələr məktəbli geyimi ilə bağlı qaydaları Azərbaycanda hicabın bütövlükdə qadağan edilməsi kimi təqdim edirlər. Bu iddialar sosial şəbəkələrdə yayılan videolar və Azərbaycana qarşı ittihamlarla müşayiət olunur.
Ankarada Azərbaycan səfirliyinin qarşısında "hicab qadağası" iddiası ilə keçirilən aksiya açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlara çevrilib.
Məlumata görə, əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Ankaranın bir küçəsində mikrofon əldə edən qrup Azərbaycan xalqının hansı dövlət quruluşunda yaşamalı olduğunu müəyyənləşdirməyə girişib. Xilafətin hökuməti, paytaxtı və sərhədləri hələ ortada yoxdur, ancaq Azərbaycana verilən "tapşırıqlar" artıq hazırdır.
"Hicab qadağası" iddiası sənəddə yoxdur
Azərbaycanda qəbul edilən qaydalarda "hicab" və ya "başörtüsü" ifadəsi yer almır. Sənəddə şagirdlərin müəyyən edilmiş məktəbli formasının bütövlüyünü pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadə etməməsi nəzərdə tutulur.
Lakin Türkiyədəki bəzi radikal dini dairələr məktəbli forması ilə bağlı qərarı ümumiləşdirərək Azərbaycanda hicabın bütövlükdə qadağan edilməsi kimi təqdim edirlər.
Bu iddia sosial şəbəkələrdə emosional videolar, əvvəlki illərə aid görüntülər və Azərbaycana qarşı sərt ittihamlarla müşayiət olunur.
Əvvəl İsrail, sonra hicab, indi isə xilafət
Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyada əvvəlcə Bakının İsraillə münasibətləri əsas bəhanə kimi istifadə edilirdi. Daha sonra məktəbli geyimi və hicab məsələsi önə çıxarıldı. İndi isə bu kampaniyanın daxilindən Azərbaycanı xilafət qaydalarına tabe olmağa çağıran açıq mesajlar səslənir.
Ankaradadan sonra İstanbulda da aksiya
Oktyabrın 13-də İstanbulda Azərbaycanın baş konsulluğunun qarşısında da oxşar aksiya keçirilib. Həmin tədbirdə hicabla bağlı şüarlarla yanaşı, Azərbaycanın İsraillə münasibətlərini tənqid edən fikirlər də səsləndirilib.
Ankaradakı aksiya zamanı da hicab məsələsi ilə yanaşı, Azərbaycanın İsraillə münasibətlərinə dair ittihamlar səsləndirilib. Beləliklə, etirazların mövzusu məktəbli geyimi qaydaları ilə məhdudlaşmayıb, ölkənin xarici siyasəti və dövlət quruluşu ilə bağlı çağırışları da əhatə edib.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alan bəzi media materialları və sosial şəbəkə paylaşımları ilə bağlı açıqlama yayıb. Mərkəz həmin məzmunların iki ölkənin strateji tərəfdaşlığına zərər vurmağa yönəldiyini bildirib.
Qeyd edək ki, ayrı-ayrı qrupların aksiyalarda səsləndirdiyi fikirlər Türkiyə dövlətinin və bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi qiymətləndirilə bilməz.
Hicab dini inanc və şəxsi seçim məsələsidir. Bununla belə, dini mövzudan istifadə edərək başqa bir dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış edilməsi məsələni etiqad azadlığı çərçivəsindən çıxararaq siyasi müstəviyə daşıyır.
Azərbaycan dünyəvi, müstəqil və suveren respublikadır. Məktəbli geyimi qaydaları ətrafında müzakirələr aparılsa da, ölkənin dövlət quruluşu ilə bağlı qərarlar xarici qrupların çağırışları ilə deyil, Azərbaycanın öz hüquqi və konstitusion çərçivəsi daxilində müəyyən edilir.