Bəşəriyyət Fransanın timsalında XXI əsrdə neokolonializmin ən amansız və aşkar təzahürü ilə üzləşib. Özünü dünyaya demokratiya beşiyi kimi sırımağa çalışan bu ölkə beynəlxalq aləmin susqunluğu qarşısında bu siyasətini ən sərt formada həyata keçirir. Rəsmi Paris "Parçala və hökm sür" prinsipi ilə hərəkət edir, xalqları əsarətdə saxlamağa çalışır, buna nail olmadıqda isə repressiv, zorakı addımlara əl atır.
Fransa sərhədlərindən minlərlə kilometr aralıda - keçmiş müstəmləkələrində, konkret olaraq Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur.
XXI əsrdə özünü "insan hüquqlarına hörmət edən əsas ölkə" adlandıran rəsmi Paris keçmiş müstəmləkələrində yerli əhalinin əhəmiyyətli bir hissəsinin ən adi hüquqlarını pozur. Hətta vəziyyət o yerdədir ki, Mayot əhalisinin, demək olar, yarısının doğum haqqında şəhadətnaməsi belə yoxdur. Konkret olaraq Yeni Kaledoniyada törətdikləri isə əsl insanlıq faciəsidir.
Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik davam edir. Burada polislə etirazçılar arasında dəfələrlə toqquşmalar yaşanıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq ediblər. Bölgədə fövqəladə rejim elan edilib, yerli kanak xalqının nümayəndələri kütləvi şəkildə həbs olunub, arxipelaqın müstəqilliyini tələb edən, etirazların rəhbəri olan 2 siyasi xadim isə ev dustaqlığına salınıb.Yerli hakimiyyət orqanlarının məlumatına görə, dövlət müstəqilliyi tərəfdarları ilə onların əleyhdarları arasında baş verən toqquşma nəticəsində onlarla insan xəsarət alıb.
Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəal həbs edilib, onlar hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten də var. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq işi cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır.
Müstəqillik tərəfdarlarının Müluzdakı təcridxanaya yerləşdiriləcəyi bildirilib. Yeni Kaledoniya Konqresinin katibliyinin direktoru, Frederik Muliava isə istintaq müddətini Klermon-Ferrandakı həbsxanada keçirəcək.
Yeni Kaledoniyada həbs olunanlar arasında hərəkatın lideri Kristian Tenlə yanaşı, Brenda Vanabo, Frederik Muliava, Giyom Vama, Joel Tjibo, Yeva Veten, Stev Une, Dimitri Tein Qenegei, Jil Jordi yer alır. Öldürülən şəxslər isə Rok Viktorin Vamitan və Nasai Daukadır.
Bütün bunlar barədə isə heç bir beynəlxalq qurum, təşkilat danışmır, susqunluq nümayiş etdirir. Avropa Parlamentinin ermənipərəst deputatları - Yanis Matiyatis, Şerban Sturza, Cordan Bardela, Mixael Blossom, Mari Tussan, Avropa Parlamentinin iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit bir dəfə də olsun bu məsələyə diqqət yetirmirlər.
Göründüyü kimi, Yeni Kaledoniyada yaşananlara münasibət bildirməyə ehtiyac görməyənlər bunun əvəzinə müstəqil xarici siyasət yürüdən ölkələri hədəfə alırlar. Nikolas Şmit və onun kimiləri bir dəfə də olsun Yelisey sarayının atdığı repressiv addımlara toxunmayıb. Tək o deyil, Avropa İttifaqının aidiyyəti qurumları da analoji mövqe nümayiş etdirirlər. Nə Fransada, nə də bütövlükdə Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan islamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və "sarı gödəkçəlilər" kimi aksiyalarda həyatlarını itirməsinə göz yumurlar. Eləcə də, Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlıq və biganəlik göstərirlər.
Ən acınacaqlısı da odur ki, beynəlxalq hüquq təşkilatları Yeni Kaledoniyada etirazları yatıran, Fransanın bölgədə canişini rolunu icra edən, kanaklara xüsusi nifrəti ilə seçilən ali komissar Lui Le Frankın fəaliyyətinə bir dəfə də olsun yer ayırmayıb. Yeni Kaledoniyanın paytaxtı Numeada aksiyalarda azı 3 yerli kanak gəncin öldürülməsi, yüzlərlə kanaklının isə həbsə atılması onun bilavasitə rəhbərliyi altında həyata keçirilib. Maraqlıdır ki, komissar Lui Le Frank baş verən toqquşmalarda ölüm və dağıntılardan dolayı yerli aborigenləri təqsirli bilib. Onun fikrincə, aksiyalar zamanı ölənləri polis deyil, yerli mülki müdafiə qüvvələri güllələyib.
Məlumat üçün bildirək ki, demokratik ideyaları məhv edən və insani dəyərləri ucuzlaşdıran Fransa 1873-cü ildən bəri yerli kanak xalqını əsarəti altında saxlayır, onların bütün hüquqlarını pozur. Əslində, Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib, həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ də ona qarşı kolonializm siyasətini davam etdirir. Ada sakinləri dəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar.
Fransa hökuməti elə başa düşür ki, zorakılıq, şirnikləndirici vədlərlə yerli xalqı əsarət altında saxlamağa müvəffəq olacaq. Lakin unudur ki, insanlar əvvəlki qaydada yaşamaq istəmirlər. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Fransaya qarşı etiraz dalğası tək Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş müstəmləkələri də əhatə edəcək.
Fransa prezidenti Emmanuel Makronun baş verənlərə reaksiyası isə sadəcə riyakarlığın pik həddidir. O, Yeni Kaledoniya mövzusuna toxunaraq "qırıcı təyyarələrimizi 48 saat ərzində Yeni Kaledoniyada yerləşdirə bilərik" təhdidini səsləndirib. Maraqlıdır ki, bu bəyanata da beynəlxalq birlikdən hər hansı bir etiraz daxil olmayıb.
Diqqət yetiriləsi mühüm bir məsələ, şübhəsiz ki, Qərbin Fransanın törətdiyi cinayətlərə biganəliyi, görməzdən gəlməsidir. Necə olur ki, insanların hüquq və azadlıqlarına qarşı hörmətsizlik edilir, lakin beynəlxalq təşkilatlar, müxtəlif dövlətlər buna reaksiya verməyə tələsmir. Şübhəsiz ki, bunun da kökündə Qərb ölkələrini birləşdirən "dəyərlər" durur. Bunlar isə bütövlükdə Avropada kritik həddə çatan islamofobiya, ifrat sağçılıq, türkofobiyadır.
Hazırda Avropada miqrantlara qarşı sərt qərarlar qəbul edilir, onların kütləvi şəkildə deportasiyası həyata keçirilir. Belə olan halda hansı təpgidən, təzyiq göstərilməsindən söhbət gedə bilər? Təbii ki, heç bir!
Bütün qeyd olunanlar Fransanın kolonial hakimiyyətinin əsl mahiyyətini ortaya qoyur. Bu ölkə hələ də anlamaq istəmir ki, bu cür siyasətin sonu iflasa məhkumdur.
Fransanın konkret olaraq Azərbaycanla bağlı yürütdüyü riyakar və qərəzli siyasətin nə ilə nəticələndiyi də göz önündədir. Azərbaycan cavab addımları atdıqda, neokolonializmə qarşı mübarizəni prioritet elan edəndə bunu ölkənin daxili işinə qarışmaq cəhdi kimi dəyərləndirir. Bunu bizə bəyan edən isə Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı müharibəyə sövq edən Fransadır...
"Report" İnformasiya Agentliyi