Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov da iştirak edəcək.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə RİA “Novosti”yə Rusiya xarici siyasət idarəsindəki mənbə məlumat verib.
Mənbə hazırda görüşün təşkili üzərində iş aparıldığını bildirib.
APA-nın əldə etdiyi məlumata görə isə görüşə hər üç həmsədr qatılacaq. İqor Popovla yanaşı, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcəklər.
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçriləcəyi gözlənilir.
N.O.
www.oxu.az
***
13:58
Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə bilərlər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər.
E.Ə.
www.oxu.az
***
13:19
Azərbaycan həmsədrlərin xarici işlər nazirlərinin görüşü təklifinə razılığını və hazırlığını ifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşü ilə bağlı məsələni şərh edərkən bildirib.
O qeyd edib ki, prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşündən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub: “Bu xüsusda regiona son səfərlərindən sonra həmsədrlər nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər. Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır”.
12:31
Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iyul ayında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün baş tuta biləcəyini istisna etməyib.
Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Nalbandyan bu gün parlamentdə jurnalistlərlə görüş zamanı bəyan edib.
O, iki ölkənin XİN rəhbərlərinin görüşünün baş tutacağını istisna etməyib. Bu barədə o, daha öncə estoniyalı həmkarı Sevan Mikserlə birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi.
S.S.
www.oxu.az