Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Bakı ilə Paris arasında gərginlik yaşanır. Azərbaycan Qarabağ bölgəsini Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun şəkildə olsa da, Fransa Ermənistanı açıq şəkildə dəstəklədi.
"Report" xəbər verir ki, bu barədə Uorvik Universitetinin tələbəsi Ramiz Əhmədzadənin Perspectives.news saytında dərc etdiyi məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, Fransa Emmanuel Makronun prezidentliyinə qədər ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinin fəal iştirakçısı olub. Lakin 2020-ci ildə Ermənistan işğalçı qüvvələrinin məğlubiyyətindən sonra Paris fərqli mövqe tutdu. Artıq həmin ilin noyabrında Fransa Senatı qondarma Dağlıq Qarabağ respublikasının (DQR) tanınması ilə bağlı beynəlxalq hüquqa zidd olan qətnamə qəbul etdi. Sonrakı illərdə Fransa separatçı qurumun 2024-cü ildə özünü ləğv etməsinə məhəl qoymadan Azərbaycana qarşı qətnamələr çıxarmaqda davam etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın təxribatçı siyasətini dəfələrlə pisləyib, onun ikili standartlarını və suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərini vurğulayıb. O xatırladıb ki, Paris illərlə Azərbaycan torpaqlarının işğalına məhəl qoymayıb, lakin Qarabağ azad edildikdən sonra ritorikasını Ermənistanın xeyrinə dəyişib. İlham Əliyev, həmçinin Makronu beynəlxalq hüquq normalarına əməl etmədiyinə və Yeni Kaledoniyanın daxili işlərinə qarışdığına görə tənqid edib, Fransa rəhbərliyinin bəyanatları ilə onların arasında uyğunsuzluğa diqqət çəkib.
Makronun ritorikası vəziyyətin gərginləşməsinə daha da təsir edib. O, 2023-cü ilin oktyabrında Yeni Kaledoniyada özünün mübahisəli hərəkətlərinə məhəl qoymadan Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etdi. 2024-cü ilin may ayında yerli kanak xalqının Fransanın sülh müqavilələrini pozmasına qarşı etirazları başladı və bu etirazlar Fransa təhlükəsizlik qüvvələri tərəfindən sərt tədbirlərlə qarşılandı. Paris də öz növbəsində Azərbaycanı etirazçıları dəstəkləməkdə, onu Rusiya və Çinlə əlaqələndirməyə çalışmaqda ittiham edib. Lakin Bakı bu ittihamları qəti şəkildə rədd edərək, bu dəstəyin müstəsna olaraq humanitar və insan hüquqları xarakteri daşıdığını vurğulayıb.
Fransanın Azərbaycana qarşı düşmən mövqedə dayanması onun Qərb müttəfiqləri üçün dilemma yaradır. Azərbaycan Avropanın əsas enerji ixracatçısıdır. Ukraynada müharibə başlayandan Avropa İttifaqı 2027-ci ilə qədər qaz tədarükünün ikiqat artırılması haqqında saziş imzalayaraq Bakı ilə əməkdaşlığı gücləndirib. Eyni zamanda, Fransanın təsiri ilə Avropa İttifaqı Azərbaycanla uzunmüddətli müqavilələrdən yayınır ki, bu da Avropanın enerji təhlükəsizliyi üçün risklər yaradır. Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycan qazını Rusiya yanacağına alternativ hesab edir, lakin gələcək danışıqlar Parisin siyasəti sayəsində dalana dirənib.
Prezident İlham Əliyev konstruktiv Qərb ölkələri ilə strateji tərəfdaşlığa sadiqliyini ardıcıl olaraq nümayiş etdirir. İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə əlaqələr gücləndirilir ki, bu da Azərbaycana Avropanın enerji siyasətində əsas oyunçulardan birinə çevrilməyə imkan yaradıb. 2024-cü ilin noyabrında Bakıda COP29 iqlim sammiti keçirilib və burada inkişaf etməkdə olan ölkələrə dəstək üçün 1,3 trilyon dollar ayrılması barədə qərar qəbul edilib. Bununla belə, Makron hökuməti Fransanın dənizaşırı ərazilərinin yerli xalqlarının nümayəndələrinin iştirakına etirazını bildirərək sammiti boykot edib. Bu addım Parisin tez-tez demokratiya və insan haqları prinsiplərinə zidd olan siyasətinin növbəti təsdiqi oldu.
Artan geosiyasi qeyri-sabitlik şəraitində Qərb ölkələri Azərbaycanın strateji əhəmiyyətini dərk edərək, Fransanın buraxdığı səhvləri təkrarlamamalıdır. Prezident İlham Əliyev sübut edib ki, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verən, Cənubi Qafqazda Rusiyanın təsirinə qarşı dayanan və hüquqları tapdanmış xalqları ardıcıl şəkildə müdafiə edən etibarlı tərəfdaşdır. Parisin yeni müstəmləkəçi gündəminə baxmayaraq, Qərbin bir çox ölkələri Azərbaycanla əməkdaşlığın regional sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını anlayır.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşıb
- İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
- Prezident İlham Əliyev AAYDA-ya 1,5 milyon manat ayırdı