Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan və Qazaxıstan: Cənubi Qafqazın və Mərkəzi Asiyanın “döyünən ürəkləri” - “Kaspi”nin TƏHLİLİ + FOTO
Bu həftə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı əlaqələrin geostrateji əhəmiyyəti baxımından çox vacib idi.
Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı qapılar arxasında apardığı müzakirələr Bakı ilə Astananın regional və qlobal dinamikadakı rolu kontekstində qiymətləndirilir.
Liderlərin müzakirələri nəqliyyat-logistika sahəsindəki qarşılıqlı maraqlardan, Trans-Xəzər nəqliyyat dəhlizinin (Orta Dəhliz) əhəmiyyətindən tutmuş, Türk Dövlətləri Təşkilatının (TDT) qüdrətli platforma olmasına qədər strateji məsələləri əhatə edir.
“Kaspi” qəzetinin mövzuya dair məqaləsində deyilir:
Füzuli və Şuşaya anlamlı səfər
Hər bir halda, İlham Əliyevlə Kasım-Jomart Tokayevin danışıqları geosiyasi mühitdə iki dövlətin əhəmiyyətini vurğulayır və TDT-nin regional və bəşəri tendensiyalardakı rolunu diqqət mərkəzinə gətirir.
Liderlər Bakıda xoş atmosferdə görüşlər keçirdikdən bir gün sonra, martın 12-də Füzuliyə və Şuşaya səfər etdilər. İşğaldan azad edilmiş ərazilərə səfər Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaradıb, bunu TDT sərhədləri boyunca geniş bucağa daşımasının fonunda diqqət çəkir.
Çünki Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsi ilə Zəngəzur dəhlizinin əhəmiyyəti bir neçə dəfə artıb və bu, TDT-nin misilsiz inkişafı üçün təşviq layihəsi kimi böyüyür. Bu mənada Tokayevin Füzuli və Şuşaya səfəri geostrateji əhəmiyyətin işığında böyük tablo yaradır və Bakı ilə Astananın təmsilçilik dairəsini genişlədəcəyinə işarə edir. Belə dönüş nöqtəsi Azərbaycanın qazandığı mühüm qələbələrin səmərəli regional əməkdaşlığı təşviq etməsini, Qarabağa və Şərqi Zəngəzura əhəmiyyətli diqqət göstərilməsini şərtləndirir.
TDT sürətlə qüdrətini artırır
Beləliklə, Azərbaycan və Qazaxıstan ikitərəfli formatda və TDT çərçivəsindəki çoxtərəfli əməkdaşlıq modelini qüvvətləndirir. Söz yox ki, belə geostrateji həcm TDT-ni dünyada getdikcə artan beynəlxalq böhranları aradan qaldırmağa, effektiv və qalıcı həll yolları təklif etməyə qadir gücə çevirir. Deməli, TDT-nin regional münaqişələrə, kollektiv təhlükəsizliyə yanaşması Tokayevin Azərbaycana səfərinin müşayiətində yeni məqsədləri aydınlaşdırır.
Bəli, TDT və təşkilatdakı Azərbaycanla Qazaxıstanın Çindən Avropaya uzanan nəqliyyat dəhlizindəki tranzit əhəmiyyəti hibrid müharibələrə qarşı həlledici rol oynayır.
Tokayevin Bakıya səfəri eyni zamanda Azərbaycanın xarici siyasətindəki TDT vektorunun geosiyasi güc mübarizəsindəki balanslaşdırıcı rolunu vurğulamağa imkan verir. Qazaxıstan da TDT faktorundan özünün xarici siyasətində manevr kimi yararlanır. Beləliklə, Azərbaycanla Qazaxıstan TDT amilini qarşılıqlı alternativ giriş sahəsi kimi stimullaşdırırlar. Yəni Azərbaycanla Qazaxıstan biri Cənubi Qafqazın, digəri isə Mərkəzi Asiyanın “döyünən ürəyi” qismində yeni arenalara çıxış imkanı qazanırlar. Bakı-Astana əlaqələrinin dinamikası Azərbaycanın Mərkəzi Asiyada, Qazaxıstanın isə Cənubi Qafqazdakı oyunçuluq qabiliyyətini yüksəldir.
Əlavə təhlükəsizlik tədbirləri axtarışında
Ancaq hər iki ölkə həm ikitərəfli qaydada, həm da çoxtərəfli formatda əlavə təhlükəsizlik tədbirləri axtarmağın zəruriliyini də anlayır. Çünki TDT-nin iqtisadi güc kimi mərkəzləşməsi onun hərbi ittifaqının yaradılmasını vacib edir ki, bu da qlobal münaqişələrin alovunda fərqli mənzərə vəd edə bilər. Ona görə də İlham Əliyevlə Kasım-Jomart Tokayevin danışıqlarında TDT çərçivəsində hərbi əməkdaşlığın perspektiv effektiv müdafiə mexanizmi kimi müzakirə edilməsi istisna olunmur. Çünki hər iki lider yaxşı bilir ki, Qərbdən Şərqə qlobal ticarət keçidində TDT-nin rolu ona qarşı qısqanclıqlar yarada bilər. Bu mənada mürəkkəb regional və planetar geosiyasi vəziyyət hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı vacib edir.
Ticari əlaqələrin inkişafı üçün yaxşı perspektivlər var
Tokayevin Azərbaycan proqramı həm də iqtisadi-ticari əlaqələrin inkişaf dinamikasına nəzər salmağı labüdləşdirir. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, hər iki ölkə qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsində böyük inkişaf potensialına malikdir. Başqa sözlə, iqtisadi-ticari əlaqələr nəqliyyat-tranzit məsələsi fonunda müzakirə mövzusu olub. Liderlərin Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etməsi bu istiqamətdəki müzakirələrin qatını açmağa şərait yaradır. Məntiqlə Azərbaycanla Qazaxıstanın geoiqtisadi hədəflər toplusu yüksək texnologiyalı sənayeləşməyə keçidi şərtləndirir. Həmin nöqteyi-nəzər uzunmüddətli hədəflər, iqtisadi firavanlıq üçün birgə planı açıqlayır.
Zəngin sərvətlərə malik olan Azərbaycanla Qazaxıstanın tranzit rolunu da bura əlavə edəndə, gələcəkdə daha yüksək mərtəbələrdə iqtisadi sferanı, o cümlədən istehsal sahəsini, yaşıl enerji platformalarını stimullaşdıracağı göz önünə sərilir. Bunun üçün Tokayevin səfərindən sonra Azərbaycanla Qazaxıstanın Orta Dəhliz marşrutundakı infrastruktura əlavə sərmayələr yatıracağı gözləniləndir.