“Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır”.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Facebook” sosial şəbəkəsində Şimali İraq Kürdüstan Muxtariyyətində keçirilən müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev deyib.
“Facebook” sosial şəbəkəsindəki səhifəsində Laçın rayon İcra Hakimiyyətində çalışdığını qeyd edən F.Tanrıverdiyev rəsmi şəxs kimi, Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmə dəstəklə bağlı mövqeyinə aydınlıq gətirməsini istəyən jurnalisti məhkəməyə verməklə də hədələyib: “Mən rəsmi şəxsəm, siz rəsmi dövlət orqanısınız ki, sizə açıqlama verim? Rəsmi orqanlar çağırar, gedib, açıqlama verərəm.
Siz Dövlət Təhlükəsizliyi Xidmətisiniz, Daxili İşlər Nazirliyisiniz? Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm. Məni separatçı kimi görürsünüzsə, gedin, məhkəməyə verin. Mən bunu separatizm kimi görmürəm".
12.22
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə, məsələyə hüquqi qiymət veriləcək.
Füzuli Tanrıverdiyev özünün "Facebook" səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
N.H.