Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
"2024-cü il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hüquq məsələləri üzrə Komitəsinin (Altıncı Komitə) təşəbbüsü əsasında Assambleya 79-cu sessiya çərçivəsində 99 dövlətin konsensusu əsasında tarixi qətnamə qəbul edərək, 2027-2028 illərdə "İnsanlıq əleyhinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında" Beynəlxalq Konvensiya layihəsi ilə bağlı bütün zəruri hazırlıq işlərinin tamamlanmasını və yeni universal müqavilənin qəbul edilməsini qərara aldı".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.
"Məlum olduğu kimi, insanlıq əleyhinə cinayətlərə həsr edilən ayrıca beynəlxalq müqavilənin olmaması beynəlxalq cinayətlər kateqoriyasına daxil olan bu əməllərlə bağlı beynəlxalq hüquqda ciddi boşluq yaratmışdır. Əgər soyqırımı beynəlxalq hüquq əleyhinə cinayət kimi 1948-ci il dekabrın 9-da qəbul edilən Konvensiyada təsbit edilmişdirsə və öz növbəsində, müharibə cinayətləri 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyası və onların 1977-ci il 8 iyunda qəbul edilən I və II saylı Əlavə Protokollarına uyğun olaraq beynəlxalq humanitar hüququn ciddi pozuntuları qismində beynəlxalq cinayətlər kimi tövsif edilirsə, insanlıq əleyhinə cinayətlərlə bağlı qlobal hüquqi aktın olmaması bu əməllərlə mübarizədə qeyrı-müəyyən vəziyyət yaradır.
Mövcud hüquqi durumu nəzərə alaraq, BMT-nin Beynəlxalq hüquq komissiyası 2013-cü ildə özünün 65-ci sessiyasında insanlıq əleyhinə cinayətlər mövzusunu uzunmüddətli işlər proqramına daxil etdi. Komissiyanın qənaətinə görə, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, bu əməlləri törədən şəxslərin cəzalandırılması və həmin beynəlxalq cinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi məsələlərini tənzimləyən qlobal konvensiyanın olmaması ümumiyyətlə müasir beynəlxalq hüquq sistemində, və xüsusi olaraq beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və insan hüquqlarının beynəlxalq hüququ sahələrində çatışmayan əhəmiyyətli elementdir. BMT-nin Beynəlxalq hüquq komissiyasındakı müzakirələr zamanı qeyd olunduğu kimi, soyqırımı və müharibə cinayətlərinə aid öhdəliklərdən fərqli olaraq insanlıq əleyhinə cinayətlərə dair konkret və adekvat beynəlxalq standartların olmaması bu cinayətlərlə bağlı cinayət təqibinin səmərəliliyinə və operativliyinə ciddi neqativ təsir göstərir.
İkinci dünya müharibəsindən sonra insanlıq əleyhinə cinayətlərin hüquqi cəhətdən irimiqyaslı kodifikasiyası 1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatik konfransda qəbul olunan və 1 iyul 2002-ci ildə qüvvəyə minən Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində həyata keçirilsə də, nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər (Azərbaycan Respublikası, Türkiyə, ABŞ, Çin, İsrail, Rusiya Federasiyası, Hindistan və s.) bu məhkəmə orqanının iştirakçısı deyildir və qeyd edilən cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi onların hüquqi öhdəliklərinə daxil deyildir. Ancaq buna baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi insanlıq əleyhinə cinayətlərın geniş kodifikasiyasını həyata keçirmişdir", - deyə deputat bildirib.
O qeyd edib ki, beynəlxalq cinayətlərin təqibində ciddi hüquqi boşluğun aradan qaldırılması uçun yeni konvensiyanın qəbulu və həmin hüquqi aktdan irəli gələn öhdəliklərin implementasiyası insanlıq əleyhinə cinayətlərlə mübarizə üçün başlıca şərtdir:
"Hazırda BMT-nin Beynəlxalq hüquq komissiyası özünün 71-ci sessiyasında insanlıq əleyhinə cinayətlərə dair maddələr layihəsini ikinci oxunuşda qəbul edərək, yeni konvensiya üçün zəruri hüquqi baza yaradıb və belə bir sənəd beynəlxalq miqyasda bütövlükdə bəşəriyyətə qarşı törədilən bu əməllərlə mübarizə mexanizmini əsaslı şəkildə təkmilləşdirəcək".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları