"Peşəkar fəaliyyətim boyu gəldiyim əsas nəticə budur ki, heç bir ölkə mənzil problemini uzunmüddətli və dayanıqlı şəkildə beynəlxalq vəsaitlər hesabına həll edə bilməyib. Əsas mənbə daxili maliyyədir".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma" tədbirində bildirib.
İcraçı direktor çıxışına nümunələrlə davam edib:
"Dünyadakı böyük nümunələrə baxsaq, məsələn, Çin yüz milyonlarla insanı yoxsulluqdan çıxarmağa məhz daxili maliyyələşmə hesabına mənzil tikintisi ilə nail olub. Avropa müharibədən sonra çox uğurlu bərpa proqramı həyata keçirdi, ABŞ-dən Marşall Planı çərçivəsində ciddi maliyyə dəstəyi aldı. Amma sonradan öz daxili sistemini qurdu. Latın Amerikası ölkələri müxtəlif mexanizmlər vasitəsilə mənzil siyasətləri formalaşdıraraq mənzil təminatını həyata keçirə bildilər. Hindistanda da vəziyyət eynidir, əsas mənbə daxili maliyyələşmədir".
"Mənim üçün əsas məsələ məhz budur. Xaricdən gələn müəyyən ilkin maliyyə vəsaitlərinə prosesə başlamaq üçün ümid etmək olar. Amma uzunmüddətli nəticə əldə etmək üçün güclü və dayanıqlı mənzil maliyyələşdirməsi sistemləri qurulmalıdır".