Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı
Müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsinə çevirib. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir. Ölkə düşünülmüş daxili və xarici siyasət sayəsində həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.
44 günlük müharibə və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan fenomen dövlət statusunu qazanıb. Ötən dörd il ərzində ölkə rəhbərliyinin gərgin və yorulmaz fəaliyyəti nəticəsində xarici siyasətdə ciddi uğurlara imza atılıb. Ən ciddi uğurlardan biri, sözsüz ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə qəbul edilən qərardır. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçiriləcəyi gərgin fəaliyyətin, aparılan xarici siyasət kursunun doğru olduğunun göstəricisidir.
"Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı - Azərbaycanın artan nüfuzu
Elə bir beynəlxalq tədbir olmur ki, Azərbaycan ora dəvət olunmasın. Bu tədbirlərdə və müzakirələrdə iştirak isə gərgin zəhmət və fəaliyyət deməkdir. Azərbaycan Prezidenti də uğurla və layiqincə onların öhdəsindən gəlir.
Prezident İlham Əliyev tək son bir ay ərzində çoxsaylı tədbir, səfər və beynəlxalq konfranslara qatılıb, mühüm müzakirələrdə iştirak edib. Məsələn, dünyanın diqqəti son günlər Böyük Britaniyaya yönəlib. Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı keçirilib və tədbirə Prezident İlham Əliyevin dəvət olunması da ölkəmizin günbəgün artan nüfuzunun göstəricisidir.
Bu platformada Azərbaycanın iştirakı birbaşa Prezident İlham Əlyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə Prezident İlham Əliyevin görüşü xüsusilə yaddaqalan olub. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib. Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Səfərlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə diqqət çəkib. Səfirliyin "X" hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb. Başlıq olaraq isə "Hər şeyin təzəsi, dostun köhnəsi" məsəli qeyd olunub.
Şübhəsiz ki, qeyd olunan ifadə Azərbaycan-Britaniya əməkdaşlığının göstəricisidir.
Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edən Prezident bəyan edib ki, Azərbaycan Avropanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını hədəf götürüb və buna doğru irəliləyir.
Astana görüşü - strateji tərəfdaşlığın yüksələn səviyyəsi
Prezident İlham Əliyev Britaniyadan əvvəl daha bir mötəbər beynəlxalq tədbirə - Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitinə qatılıb. Sammit çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib.
Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən üçtərəfli görüş isə üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirib. Ümumiyyətlə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzunun göstəricisidir.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması da xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
Prezident İlham Əliyev sammit çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə də görüşüb. Bu baxımdan, dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü xüsusi vurğulanmalıdır. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır.
"Bizim başqa ailəmiz yoxdur. Bizim ailə Türk dünyasıdır"
Türk dövlətləri ilə əməkdaşlığın strateji səviyyəyə yüksəlməsində də İlham Əliyevin əvəzsiz rolu var. "Bizim başqa ailəmiz yoxdur. Bizim ailə Türk dünyasıdır". Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikirlər ölkəmizin geniş coğrafiyaya malik Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına verdiyi önəmi nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin başçıları isə ilk dəfə may ayında qeyri-rəsmi Zirvə toplantısına toplaşdılar. Təkcə rəsmi deyil, həm də qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi türk ölkələri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən amil kimi qiymətləndirilməlidir. Əminliklə demək olar ki, Şuşa Sammiti Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın daha da gücləndirilməsi, həmçinin bu ölkələri əhatə edən mühüm məsələlərin müzakirəsi üçün mühüm platformaya çevriləcək.
Sammitin yekununda imzalanan Qarabağ Bəyannaməsi isə TDT-nin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Prinsipcə, son 10 ildə türk inteqrasiyasının inkişafının əsas məqamları Azərbaycanla bağlı olub. Beləliklə, indi Şuşada keçirilən TDT-nin Zirvə görüşünün qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, bu bəyannamənin imzalanması türk inteqrasiyasının gələcək inkişafı üçün ciddi istiqamətləri müəyyən edə bilər. Bu, xüsusilə, maliyyə, nəqliyyat, iqtisadi, müdafiə, sənaye, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa şamil olunur.
İranla normallaşan münasibətlər
Uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Ermənistan xaric, bütün ölkələrlə münasibətlər normalaşıb, hətta strateji önəm alıb. Bu sırada aparılmış danışıqlar nəticəsində İrandakı Azərbaycanın səfirliyi fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.
Beləliklə, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəlir. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Qeyd edilən fakt və təhlillərə əsaslanaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin müdrik dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır.
"Report" İnformasiya Agentliyi
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"
- "KQB"nin izlədiyi türk jurnalist Heydər Əliyevdən necə müsahibə ala bilib?