Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"COP29-la bağlı şəffaflığın təmin edilməsi Azərbaycanın bu məsələyə ciddi yanaşdığını göstərir"
BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən "İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq"da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil dövlətləri ikiillik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb. O bildirib ki, beynəlxalq iqlim planları hazırlanmalıdır və Paris Sazişinin əsas tələblərindən biri də budur: "BMT hər zaman bu istiqamətdə istənilən dövlətə kömək etməyə hazırdır. Bu, iqlim dəyişmələri ilə bağlı aparılan proseslərin şəffaflığı üçün olduqca vacibdir".
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Oxu.Az-a bildirib ki, COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması şəffalığın təmin edilməsi üçün bu cür hesabatların təqdim edilməsi effektiv vasitələrdən biridir: "Bu baxımdan, COP29-la bağlı şəffaflığın təmin edilməsi istiqamətində işlərin aparılması ölkəmizin bu məsələyə ciddi önəm verdiyini göstərir".
"Bundan başqa, QHT-lərin COP29 prosesində iştirakçılığı və şəffaflığın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin Paris Sazişi çərçivəsindəki iqlim öhdəliklərinin yenilənməsi məqsədilə ictimai dinləmə keçirilməsi də bu qəbildəndir. Belə ki, avqustun sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan və QHT-lərin iştirakı ilə keçirilən görüşdə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) ilkin layihələri müzakirə edilib", - deyə müsahibimiz qeyd edib.
O, əlavə edib ki, ətraf mühit, sosial müdafiə, gənclər, qadın hüquqları, gender bərabərliyi və digər sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanan NDC və LTS sənədlərinin layihələrinin hazırlanması üzrə geniş müzakirələr aparılıb: "Bu cür geniş və müxtəlif sahələri əhatə edən sənədin hazırlanmasında bütün maraqlı tərəflərin rəy və təkliflərinin alınması, təcrübə və bilik mübadiləsinin aparılması, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və təsirli strategiyaların formalaşdırılmasına imkan yaradacaq".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT