Ölkələr inkişaf etdikcə daxili maraqlarının inkişafı istiqamətində önəmli addımlar atırlar.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqdisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Bakıda keçirilən Mühasiblərin və Auditorların IV Avrasiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qlobal maraqların təmin olunmasına məsuliyyətlə yanaşılmalıdır:
“Daxili nəzarət və xarici nəzarət sisteminin düzgün qurulması qlobal məsələ olaraq dünya ölkələri tərəfindən diqqətət mərkəzində saxlanılmalıdır.
Üzə çıxan qlobal risklərin həlli istiqamətində hər bir ölkə vətəndaşından məsuliyyət tələb olunur. Xüsusilə iqdisadçılar və maliyyə menecerləri bu sistemlərin sadə yolla həll olunması üçün biliklərini maksimum səviyyədə bu sahəyə yönətməlidirlər”.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdiyi illərdə iqdisadi cəhətdən olduqca çətin durumda idi. Bu vəziyyətdən qurtulmaq üçün böyük maliyyə vəsaitinə ehtiyac var idi:
“Xarici banklardan və maliyyəçi ölkələrdən ötən əsrin 90-cı illərində kreditlərin götürülməsi böyük risk tələb edirdi. Amma ölkəmiz keşməkeşli zamanı adlayaraq dünyanın inkişaf etmiş ölkəsinə, neft və qaz ixracatçısana çevrildi. Bu gün dünyanın diqqət mərkəzində olan yeganə ölkə Azərbaycandır. Bu uğurun əldə olunmasında Azərbaycanın daxili və xarici siyasətinin düzgün qurulması durur”.