Rusiyanın Leninqrad vilayətində Böyük Vətən Müharibəsi veteranını döyərək, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuş Elxan Osmanov məhkəmə qarşısına çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Təhqiqat Komitəsi yayıb.
Artıq Azərbaycan vətəndaşı olan Osmanova qarşı cinayət işinin təhqiqatı başa çatıb. O, Rusiya CM-in 111-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti (zərərçəkmişin ölümü ilə nəticələnmiş qəsdən sağlamlığa ağır zərər vurma) törətməkdə ittiham olunur. Bu maddə 15 il müddətində həbs cəzası nəzərdə tutur.
İstintaqın məlumatına görə, 2013-cü ilin martında Osmanov öz tanışı ilə 89 yaşlı Böyük Vətən Müharibəsi veteranının evinə gələrək, burada kanalizasiya xətlərinin dəyişdirilməsi üzrə santexnik xidmətləri göstərib. Burada Osmanov və ev sahibi arasında münaqişə baş verib və gənc oğlan əlləri, ayaqları ilə veteranın başına və bədəninə çoxsaylı zərbələr endirərək, onu amansızcasına döyüb.
Bundan sonra cinayətkar pensiyaçının 400 rubl pulunu oğurlayıb və hadisə yerindən qaçıb. Bir neçə gün sonra döyülmüş veteranı qonşular halsız vəziyyətdə aşkarlayıblar, o, xəstəxanaya yerləşdirilsə də, burada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Cinayətə pensiyaçının işlərin lazımi keyfiyyətlə görülməməsinə görə pul ödəməməsi səbəb olub.
İstintaqın təklifi ilə Osmanovun barəsində həbs-qətiimkan tədbiri seçilib.