Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputat: "Şərq və Qərb arasındakı ticari münasibətlərin inkişafı Azərbaycanın rolunu gücləndirəcək"
"Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri mühüm tarixi və siyasi əhəmiyyət kəsb edir. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafı həm bizim regionumuz, həm Çin, həm də Qlobal Cənub üçün yeni imkanlar vəd edir. ABŞ-nin tarif siyasəti və ticarət məhdudiyyətləri tətbiq etdiyi bir dövrdə Çinin öz diqqətini Avropa və digər bazarlara yönəltməsi qaçılmazdır. Şərq və Qərb ölkələri arasında ticarət münasibətlərinin intensivləşməsi Azərbaycanın rolunu xeyli gücləndirəcək. Orta Dəhlizin getdikcə daha da inkişaf edəcəyi proqnozlaşdırılır. Azərbaycanın bu əlaqələrdə müstəsna rolu daim güclənəcək, ölkəmiz ciddi iqtisadi fayda əldə edəcək. Çindən sonra regionda infrastruktura ən çox investisiya yatıran ölkə kimi Azərbaycanın Çinlə münasibətləri daha da inkişaf etdirməsi tamamilə təbii və vacibdir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Qlobal Cənubda Azərbaycan dövlət başçısının nüfuzu, Azərbaycanın iqtisadi imkanları ölkəmizlə əməkdaşlıqda Çinin də xüsusi maraqlı olmasına səbəb olub:
"Səfər çərçivəsində iyirmiyə yaxın rəsmi sənədin imzalanması Azərbaycan-Çin əlaqələrinin inkişaf gündəliyinin çox zəngin olacağından xəbər verir. Ədalətli və inkişaf edən dünya naminə Azərbaycan-Çin səylərinin birləşdirilməsi dünyada hər kəs üçün, xüsusilə də Azərbaycanın dostları üçün yeni imkanlar yaradacaq. Azərbaycan və Çin arasındakı münasibətlər 2024-cü ildə Astanada qəbul olunmuş Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədən sonra yeni mərhələyə qədəm qoydu. Bu gün iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi əlaqələrimizin daha da gücləndirilməsi üçün potensialın mövcudluğundan xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına səfəri də məhz münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyini göstərir. Çinlə əməkdaşlığın güclənməsi təkcə iqtisadi və diplomatik deyil, həm də regional sülhə, təhlükəsizliyə və inkişafa xidmət edir".
Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin 4-cü, idxalında isə 1-ci yerdə qərarlaşdığını diqqətə çatdıran millət vəkilinin sözlərinə görə, 19 trilyon dollarlıq iqtisadi gücə malik olan bir ölkə ilə münasibətləri inkişaf etdirmək Azərbaycan üçün olduqca vacibdir:
"Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafına və Şərq-Qərb arasında nəqliyyat daşımasının vacib hissəsinə çevrilməsinə yönəlib. Mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəmiz tərəfdaşlarının lazımi etimadını qazanıb. Çinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşması, təşəbbüsü olduğu "Bir kəmər, bir yol" layihəsində ölkəmizin iştirakına önəm verməsi və digər məqamlar maraqlarımıza cavab verir. İki ölkə arasında nəqliyyat imkanlarının inkişaf etməsi təkcə Çin məhsullarının ölkəmizə idxalına deyil, həmçinin Azərbaycan məhsullarının Çin bazarına çıxarılmasına mühüm şərait yaratmaqdadır. Azərbaycan iqtisadiyyatına getdikcə daha çox Çin investisiyalarının yatırıldığını müşahidə edirik. Regionda baş verən münaqişələr fonunda Azərbaycanda sabitliyin və sağlam iqtisadi mühitin mövcudluğu ölkəmizi investorlar üçün cəlbedici edir. Rusiya ərazisində və Qırmızı dənizdə hərbi gərginliyin artması da Şərq və Qərb arasındakı Orta Dəhlizə tələbatı artırır. 10-a yaxın ölkənin ərazisindən keçən və bütün iştirakçı ölkələri bir-biri ilə əməkdaşlığa sövq edən, onları iqtisadi tərəfdaş halına gətirən bu layihə həm də maraqlı bir əməkdaşlıq platformasıdır. Orta Dəhlizin açar ölkəsi, heç şübhəsiz ki, Azərbaycandır. Ölkə Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibədə göstərdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20.7 faiz artıb və 3.744 milyard dollar təşkil edib".
"Azərbaycanın öz infrastrukturunu sürətlə inkişaf etdirməsi nəticəsində son bir ildə bu dəhlizdən daşınan yüklərin həcmi xeyli artıb. Orta Dəhliz həm də mühüm bir beynəlxalq layihədir. Çin və Avropa Birliyi arasında ticarət həcmi 800 mlrd. dollara yaxınlaşmaqdadır. Dünyanın gələcək iqtisadi inkişafı ölkələr arasında ticarətin həcminin artmasından asılıdır. Nəqliyyat imkanları olmadan ticarət həcminin artmasından danışmaq mümkün deyil. Bu mənada Azərbaycan-Çin münasibətlərinin inkişafı həm də qlobal iqtisadiyyata mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır", - deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində oynadığı rol olduqca strateji əhəmiyyət kəsb edir və bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilir:
"2 500 il bundan öncə İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilir. Ən əsası - əlaqələrimizin genişləndirilməsi üçün hər iki dövlət başçısının siyasi iradəsi mövcuddur. Xatırladım ki, 2019-cu ildə Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan "Bir kəmər, bir yol" strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi həm də dövlətimizin başçısına olan yüksək etimaddan xəbər verir. Ölkələrimiz arasında coğrafi məsafə böyük olsa da, sıx əlaqələrimizin və güclü əməkdaşlığımızın mövcudluğu bizi bir-birimizə yaxın edir. Düşünürəm ki, dünyanın ən güclü iqtisadi imkanlarına malik ölkələrindən biri olan Çinlə əlaqələri gücləndirmək Azərbaycan dövlət başçısının siyasi uzaqgörənliyini bir daha təsdiq edir".
Mərahim Nəsib
"Azərbaycan-Çin münasibətləri" teqi üzrə xəbərlər
- Azərbaycan üçün yeni siyasi mərhələ: "Rəsmi Bakı mövqelərini möhkəmləndirir"
- Çinin Zəngəzur dəhlizindəki maraqları hansılardır?
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri - Milli musiqilərimiz ziyafətə rəng qatacaq
- Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb
- Çinin müvəqqəti işlər vəkili: "Azərbaycan Orta Dəhlizdə mühüm nöqtədir"