"Avrasiyanın geniş coğrafiyasını əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın xarici siyasəti və iqtisadi strategiyası üçün xüsusi imkanlar yaradan platformalardan biridir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Nigar Məmmədova deyib.

O bildirib ki, Azərbaycan 2015-ci ildən ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir:
"Son illərdə ölkəmizin bu təşkilatın yüksəksəviyyəli tədbirlərində iştirakı, ŞƏT üzvü olan dövlətlərlə ikitərəfli münasibətlərin intensivləşməsi və xüsusilə Çinlə strateji tərəfdaşlığın qurulması Azərbaycan-ŞƏT münasibətlərini daha da inkişaf etdirir. Prezident İlham Əliyevin 2024-cü ildə Astanada keçirilən "ŞƏT plyus" formatında görüşdə qeyd etdiyi kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycanla ŞƏT ölkələri arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bu əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. Nəqliyyat energetika, ticarət, investisiya, rəqəmsal texnologiyalar, təhlükəsizlik və digər sahələr üzrə əlaqələr geniş inkişaf edib".
"Təşkilatın üzv ölkələri dünya əhalisinin böyük hissəsini, mühüm istehlak bazarlarını və qlobal iqtisadiyyatın əhəmiyyətli payını əhatə edir. Çin, Hindistan və Rusiya kimi böyük iqtisadi güclərlə yanaşı, Mərkəzi Asiyanın sürətlə inkişaf edən dövlətlərinin ŞƏT çərçivəsində bir araya gəlməsi Azərbaycan üçün geniş iqtisadi əməkdaşlıq məkanı formalaşdırır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından ŞƏT ölkələrinin kapital və texnologiya imkanları əhəmiyyətlidir. Çinlə strateji tərəfdaşlıq bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması Bakı ilə Pekin arasında əlaqələri yeni səviyyəyə yüksəldib. Prezident İlham Əliyev 2025-ci ildə Tianjində "ŞƏT plyus" formatında çıxışında Azərbaycan-Çin münasibətlərinin son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğulayıb. Bu münasibətlər, eyni zamanda, Azərbaycanın ŞƏT məkanı ilə əməkdaşlığının genişlənməsi üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır", - deputat vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Azərbaycan-ŞƏT əməkdaşlığının ən böyük potensialı şübhəsiz ki, nəqliyyat və logistika sahəsindədir:
"ŞƏT coğrafiyası Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan nəhəng nəqliyyat məkanını əhatə edir. Çin və Mərkəzi Asiyanın istehsal mərkəzlərini Avropa bazarları ilə birləşdirən marşrutların inkişafı Azərbaycanın strateji əhəmiyyətini artırır. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü. Tərəflər Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası, o cümlədən TRIPP çərçivəsində bağlantı layihələrinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etdilər. Bu baxımdan Azərbaycan üçün regional nəqliyyat bağlantılarının ŞƏT məkanının daha geniş Şərq-Qərb nəqliyyat sisteminə inteqrasiyası strateji əhəmiyyət daşıyır.
Bişkek görüşündən əsas gözləntilərdən biri siyasi dialoqun konkret iqtisadi, nəqliyyat və investisiya layihələrinə çevrilməsidir. Hesab edirəm ki, ŞƏT artıq 25 illik inkişafdan sonra yeni mərhələyə daxil olur və təşkilat inkişaf mexanizmlərini daha da təkmilləşdirəcək. ŞƏT üçün Azərbaycan Avropaya açılan mühüm qapılardan biridir. Azərbaycan üçün isə ŞƏT dünyanın ən böyük iqtisadi və istehlak məkanlarından birinə çıxış verən platformadır. Bu qarşılıqlı əməkdaşlıq Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakteri ilə də tam uyğunluq təşkil edir. Əsas məsələ müxtəlif istiqamətlərdə qurulan tərəfdaşlıqları etibarlı əməkdaşlıq sistemi kimi inkişaf etdirməkdir".