Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Elman Nəsirov: “Azərbaycan-Aİ münasibətlərinin sürətli inkişafı hər iki tərəfin maraqlarına cavab verir”
“Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafının çox geniş perspektivləri var”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, enerji və nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir:
“Rusiya-Ukrayna arasında baş verən hadisə fonunda Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb etməkdədir. Nəzərə alsaq ki, il ərzində Aİ ölkələrinin 500 milyard kubmetr qaza tələbatı var və bu nöqteyi-nəzərdən Aİ Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır. Keçən il Azərbaycana Aİ ölkələrinə 8,2 milyard kubmetr qaz satıb. Bu il onun 9 milyarddan artıq olması planlaşdırılır. Gələn il isə 11 milyard kubmetrdən artıq Azərbaycan qazının Avropa bazarına çatdırılması planlaşdırılır”.
Deputat bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın meqalayihəsidir və onun da təminatçısı Azərbaycan dövlətidir:
“Onu da qeyd edim ki, 27 Aİ ölkəsinin 9-u Azərbaycanla strateji tərəfdaşlıqla bağlı müvafiq sənədlər imzalanacaq. Eyni zamanda dünyanın bu çox mühüm iqtisadi güc mərkəzi ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı sazişin imzalanması yaxın perspektivlərin işidir və bu istiqamətdə mütləq əksəriyyət məsələlərdə artıq ortaq məxrəc əldə edilib. Bu sənədin imzalanması ilə Azərbaycan-Aİ münasibətlərində yeni səhifə açılacaq və keyfiyyətcə yeni müstəviyə qalxacaq. Bizim münasibətlərimiz regional təhlükəsizlik məsələlərində də öz ifadəsini tapır”.
E.Nəsirov vurğulayıb ki, hazırda Azərbaycan dövləti postmüharibə dövrünün həllini gözləyən məsələlərdə Aİ-nin fəal rolunu görür və qiymətləndirir.
“Təsadüfi deyil ki, 2021-ci ilin dekabrın 14-də və bu ilin aprelin 6-da məhz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü baş tutub. Bu görüşlərdə də bir sıra fundamental məsələlərlə bağlı irəliyə doğru addımlar atılıb.
Beləliklə, həm siyasi dialoq, həm iqtisadi, həm ticarət, həm də enerji və nəqliyyat təhlükəsizliyi kimi mühüm sferalarda Azərbaycan-Avropa İttifaqı münasibətləri sürətlə inkişaf edir və bu da hər iki tərəfin maraqlarına tamamilə cavab verir”.
"Aİ" teqi üzrə xəbərlər
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb