"Qanunvericilik mədəni inkişafı ötüb".
Oxu.Az xəbər verir ki, bunu deputat Erkin Qədirli Bakıda keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu çərçivəsində baş tutan "Mədəniyyət və hüquq" adlı panel müzakirələr zamanı deyib.
O bildirib ki, mədəni inkişaf qanunvericiliklə müqayisədə çox geridə qalıb:
"Cəmiyyət bəzən hüquqi anlayışları qəbul etmək istəmir. Məsələn, nikah müqaviləsi. Hansı ana, ata övladını evləndirəndə boşanma haqqında düşünür? Nikah müqaviləsi boşanma, mülkiyyət bölünməsi ilə bağlıdır. Amma cəmiyyət qəbul etmir. Bu, bəzən düşüncə ilə də bağlı olmur. Baxsaq, əsas istiqamətlərdən biri də inam məsələsidir. Mülkiyyət hüququna inanılmalıdır. Mərkəzi Bank bu yaxınlarda açıqlamışdı ki, milyonlarla pul banklardan kənarda saxlanılır. Bu o deməkdir ki, insanlar banklara etibar etmir".
Deputat həmçinin bildirib ki, hüquq mədəniyyətin bir hissəsidir, amma bəzən onu tənzimləmir:
"Azərbaycanda ailə modeli - ər-arvad anlayışı əksini tapıb. Orada "qayınata", "elti" və s. anlayışlar qeyd olunmayıb. Amma mədəniyyətdə bu var. Başqa nümunələr də mövcuddur. Qısası, hüquq mədəniyyəti çərçivələyə bilməz".
Aqil Vəlili