"İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dünyada, beynəlxalq ictimaiyyətin diqqətindən nəyisə gizlətmək qeyri-mümkündür. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin apardığı döyüş əməliyyatları beynəlxalq humanitar hüququn normalarına, müharibə qanunlarına, konkret olaraq, 1949-cu il Cenevrə, 1954-cü il Haaqa konvensiyalarına uyğun aparılıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, burada Ali Baş Komandan İlham Əliyevin strateji düşüncəsi, həyata keçirdiyi qabaqlayıcı tədbirlər əhəmiyyətli rol oynayıb:
"Hər kəsə bəlli idi ki, Ermənistan əsas dünya gücləri, nüvə dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənir. Beynəlxalq hüququn işləməməsi, ikili standartlar, islamofobiya, türkfobiya, diaspor və lobbi təşkilatlarının sistemli fəaliyyəti Ermənistanı ərköyün dövlətə çevirmiş, "məğlubedilməz" imicini formalaşdırmışdı. 44 günlük müharibədə Gəncənin, Tərtərin, Naftalanın, Mingəçevirin və digər cəbhə xəttindən uzaq şəhərlərin raket atəşinə tutulmasını bütün dünya susqunluqla qarşıladı. Körpə uşaqların, qadınların, yaşlıların həlak olmasına görə heç kim Ermənistanı qınamadı. Ancaq, Azərbaycan bu cinayətləri törətməməsinə rəğmən təzyiqlərə məruz qaldı, qərəzli yanaşma nümayiş edildi. Lakin humanizm Azərbaycan xalqının genetik kodlarından biridir. 2023-cü ilin antiterror əməliyyatlarından sonra Xankəndini və digər əraziləri tərk edən ermənilərə təhlükəsiz dəhliz verilməsi, su, ərzaq məhsullarının paylanması, üstəlik ermənilərə reinteqrasiya təkliflərini hamı gördü. Ermənilərlə bizim fərqimiz də məhz bundadır".
"İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində erməni faşizminin törətdiyi cinayətlər, vəhşiliklər, soyqırımı aktları insanlığa ləkədir. Cənab Prezidentin son dərəcə dəqiqliklə ölçülüb-biçilmiş diplomatiyasının nəticəsində Ermənistanın, dünya ermənilərinin və onlara himayədarlıq edənlərin əllərindən bütün arqumentlər alındı. Bu gün Azərbaycan xalqının, dövlətinin üzüağdır. Qalib Azərbaycan əsgərinin heç bir hərbi cinayətlərdə adı hallanmır", - deyə müsahibimiz vurğulayıb".