Ermənistanın ümumi yurisdiksiyalı mülki məhkəməsi Qarabağdakı keçmiş qondarma rejimin sonuncu başçısı Samvel Şahramanyanın Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə və 9-cu sinif üçün "Ermənistan tarixi" dərsliyinin müəllifi Njdə Ovsepyana qarşı qaldırdığı iddianı rədd etsə də, iş üzrə bir sıra hüquqi və siyasi konstatasiya aparıb.
Belə ki, məhkəmə Şahramanyanın qondarma qurumun "özünü buraxması barədə qərarı"nın güc tətbiqi və ya təhdid altında verildiyini və buna görə də, hüquqi qüvvəyə malik olmamasını qeyd edib.
Bəs, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdığı bir vaxtda Ermənistan məhkəməsinin bu qərarı təxribatçı addım deyil? Bu, iki ölkə arasında kövrək sülhün ilkin addımlarına xələl gətirmirmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Ermənistan məhkəməsinin bütövlükdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində baş verən istənilən hadisə, o cümlədən cinayətkar hərbi xuntanın, separatçı təsisatın özünü buraxması ilə bağlı hansısa iddianı müzakirəyə çıxarmasının və dəyərləndirməsinin özü belə ölkəmizə qarşı ərazi iddialarının rəsmi şəkildə davam etdirilməsidir:

"Digər tərəfdən, məhkəmənin qanunsuz qərarı Azərbaycan ərazilərinin işğal altında olduğu zamanlarda formalaşdırılmış separatçı təsisatların məhz Ermənistanın mərkəzi hakimiyyət orqanlarının idarəçiliyində olmasının sübutudur. Bu isə işğal dövründə Ermənistan tərəfinin "öz müqəddəratını təyinetmə" iddiaları ilə bağlı bütün mülahizələrinin de-fakto və de-yure rəsmi İrəvanın özü tərəfindən alt-üst edilməsi deməkdir. Qeyd edim ki, İrəvan Mülki Məhkəməsinin Samvel Şahramanyanın iddiasını icraata götüməsinin özü belə nəinki beynəlxalq hüququn norma və prinsiplərinə, bütövlükdə hüquqi fəlsəfəyə, anlayışa da ziddir. Amma biz bu məsələdə klassik erməni həyasızlığı ilə yanaşı, yenə də zorən qonşularımıza xas olan əyalət hiyləgərliyinin elementlərini, riyakarlığın, simasızlığın ən kəskin nümunələrini də görürük. Qarşımızda olan məxluqların heç zaman islah olunmayacaqlarını bir daha anlamalıyıq. Sülh müqaviləsi imzalansa da erməni cəmiyyətinin, təəssüf ki, heç də azlıq təşkil etməyən bir hissəsi fitrətdən daşıdıqlarını əyalət bicliklərini imkan düşdükcə işə salmağa çalışacaqlar".
"Düşünürəm ki, Samvel Şahramanyanın məhkəməyə müraciəti və məhkəmənin guya iddianı rədd edirmiş kimi davranması, paralelində qərarın içərisində separatçı rejimin de-fakto mövcud olduğunu, özünü buraxmadığını vurğulayan məqamın qeyd olunması təsadüfi deyil. Bütün bunlar rəsmi İrəvan tərəfindən həyata keçirilən simasız siyasətin tərkib hissəsidir" - deyə, deputat vurğulayıb.
Parlamentari məsələni mahiyyət etibarı ilə təxribat adlandırıb:
"Ermənistanın 9-cu sinif tarix dərsliyinin yeni nəşrinə Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı bölüm əlavə olunur və orada qeyd edilir ki, qondarma "DQR prezidenti DQR-in buraxılması ilə bağlı fərman imzalayır". Göründüyü kimi Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dərslik olaraq ərsəyə gətirdiyi kitabın özündə belə Azərbaycan ərazilərinin bir hissəsi "DQR", separatçıbaşı isə "prezident" adlandırılır. Bu, Ermənistanın hətta yeni hazırlanan tarix dərsliklərində belə Azərbaycana qarşı ərazi iddialarının davam etməsi deməkdir. Ermənistanın 9-cu sinif tarix dərsliyində ərazi iddialarından imtina edilmir. Əgər belə olsaydı, o zaman işğal faktı vurğulanar, qondarma rejimin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz olaraq fəaliyyət göstərdiyi qeyd olunardı. Amma göründüyü kimi, tarix dərsliyində Ermənistanın indiki hakimiyyətinin - kapitulyasiya aktına, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına imza atmış tərəfin proseslərin episentrindən uzaqlaşdırılması, məğlubiyyətin məsuliyyətinin separatçıbaşının üzərinə atılmasından başqa bir niyyət yoxdur".
"Samvel Şahramanyan "DQR"in buraxılması ilə bağlı "fərman" imzaladığı barədə tarix dərsliyində yer alan iddiaların "böhtan" olduğunu bildirir və məhkəməyə müraciət edir. Məhkəmə Samvel Şahramanyanın iddiasını icraata götürməklə, əslində adıçəkilən separatçının "DQR prezidenti" olduğunu Ermənistanın məhkəmə hakimiyyəti səviyyəsində qəbul etdiklərini təsdiqləyir və qondarma qurumun buraxılması ilə bağlı fərmanın təzyiq altında verildiyini və bu səbəbdən hüquqi qüvvəyə malik olmadığını" məhkəmə qərarında qeyd edir. Bununla faktiki olaraq, həm də məhkəmə qərarı çərçivəsində istinad mənbəyi formalaşdırır. Bütün bunlar isə nəinki razılaşdırılmış oyunun elementlərinə bənzəyir, hətta prosesin vahid plan əsasında həyata keçirildiyi əsla şübhə doğurmur. Qənaətimə görə, mülki məhkəmənin "qərar"ının qəbul edildiyi zaman kəsiyinə də xüsusi diqqət yetirmək lazımdır. Bu "qərar"ın Azərbaycanın ədalət məhkəməsinin müharibə cinayətkarları ilə bağlı hökmündən sonra verilməsi İrəvanın, əslində heç bir hüquqi əsası olmayan "cavab aksiyası" kimi də qiymətləndirilə bilər" - deyə, millət vəkili diqqətə çatdırıb.
Analitik sonda onu da qeyd edib ki, Ermənistan məhkəməsinin qondarma qərarı, həmçinin rəsmi İrəvanın Vaşinqtonda imzaladığı sənədlərlə üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi anlamına gəlir və yeni reallıqların yaranmasına səbəb ola bilər:
"Bu baxımdan, İrəvanın mülki məhkəməsinin qanunsuz qərarının ABŞ-nin vitse-prezidentinin səfəri zamanı keçirilən görüşlərdə Vaşinqtonun diqqətinə çatdırılacağına da şübhə etmirəm. Çünki Ermənistan mülki məhkəməsinin "qərar"ında yer alan iddialar həm də ABŞ-nin nüfuzuna xələl gətirir və Trampın sülhyaratma missiyasının əleyhinə yönəlib".
Mərahim Nəsib