İnsan hüquqları üzrə milli məsləhətçi komissiya ("La Commission nationale consultative des droits de l"homme") 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc edib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Sənəddə Fransa dövlət orqanları tərəfindən kanak xalqına qarşı tətbiq edilən zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc istifadə edildiyi xüsusi qeyd edilib. Bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklərlə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid edilib.
Sözügedən hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli təhlil olunub. Aparılan qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkarlanıb.
Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icra etməməsi kontekstində əsaslandırılıb.
Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakovski dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmamazlıqların sistemli şəkildə üzə çıxdığını bildirilib.
Hesabatda qeyd edilir ki, 13 may 2024-cü il tarixindən etibarən arxipelaqda seçici korpusunun məcburi dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan repressiv tədbirlər həyata keçirilib.
Komissiya Fransanın məhkəmə sisteminin hadisələrə reaksiyasını da sərt şəkildə tənqid edir və vurğulayır ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqda 6 minədək polis və jandarmın yerləşdirilməsi fonunda, baş vermiş zorakılıq hadisələri ilə əlaqədar 2528 nəfər saxlanılıb, 500-dən artıq şəxs barəsində isə məhkəmə icraatı başlanılıb. Komissiyanın qiymətləndirməsinə görə, bu aqressiv tədbirlər faktiki olaraq yalnız kanak əhalisinə qarşı yönəlib.
Hesabatın digər bölməsində qeyri-qanuni həbs edilmiş kanak məhkumların həbsxanalarda saxlanma şəraitinə yer ayrılıb. Cəzaçəkmə müəssisələrində qeyri-insani davranış, məhkəmə qərarı olmadan insanların bura yerləşdirilməsi nəticəsində həbsxana daxilində etiraz aksiyaları, hətta üsyanlar baş verib. Sözügedən hadisələr zamanı bir məhbusun həyatını itirdiyi qeyd edilir.
Şahidlərin ifadələrinə əsasən, həmin şəxsin təhlükəsizlik qüvvələrinin işgəncəsi nəticəsində həlak olduğu xüsusilə diqqətə çatdırılır.
Komissiya qeyd edir ki, materik Fransaya köçürülən məhbuslar hazırda bir sıra ciddi çətinliklərlə üzləşirlər. Belə ki, materik Fransada evlərindən təxminən 17 min kilometr uzaqda saxlanılan şəxslərin qış geyimi və geri dönüş bileti olmadan azad edilməsi, hüquqi təminatların kobud şəkildə pozulması ilə yanaşı, ədalətin mahiyyətinə və legitimliyinə ciddi zərbə vurur.
Hesabatın müəllifləri zorakılıqlardan sonrakı dövrü də təhlil ediblər.
İğtişaşların yaratdığı dağıntılar səbəbindən Kanakidə iqtisadiyyat ciddi şəkildə zərər görüb, böhrandan sonrakı aylarda bir sıra sosial proqramlar dayandırılıb.
Hesabatın yekununda komissiya bir sıra tövsiyələr irəli sürərək, polis zorakılığı ilə bağlı halların müstəqil və əhatəli şəkildə araşdırılmasının təmin edilməsi, həbsxanalarda saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması tələbini müvafiq orqanların diqqətinə çatdırıb.