"Qardaşım Birinci Qarabağ müharibəsində şəhid olub. Ona görə işğaldan azad olunan torpaqların hər qarışı bizim üçün çox doğmadır".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Rəsmiyyə Sirac qızı Kəlbəliyeva deyib.
O bildirib ki, bu gün onun üçün çox əlamətdar gündür:
"Bu gün bir üzümüz gülsə də, bir üzümüz ağlayır. Həm sevinirik ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad etmişik və öz yurdumuza, öz evimizə qayıdırıq. Üzülürük ona görə ki, ağır itkilər verdik. Əzizlərimizi, doğmalarımızı itirdik. Mən şəhid bacısıyam. Qardaşım Nəsir Kəlbəliyev Birinci Qarabağ müharibəsində iştirak edib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. O torpaqlar bizim doğmalarımızın qanı ilə suvarılıb.
İndi torpaqlarımız azaddır. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə daha 38 ailə - 139 nəfər köçürülür.
Rövşən Əsədov