Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Huriye Yıldırım Çinar: "Makron 65 ildən sonra ilk dəfə RTB-ni Martinikə yeritdi"
"Fransanın dənizaşırı ərazisi olan Martinikdə baş verən etirazların səbəblərini daha yaxşı anlamaq üçün proseslərin tarixi arxa planına nəzər yetirməliyik".
Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyənin Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) Afrika İnstitutunun həmsədri doktor Huriye Yıldırım Çinar deyib.
H.Y.Çinar adada artıq uzun illərdir ki, inteqrasiya adı altında assimilyasiya siyasətinin aparıldığını vurğulayıb:
"Fransanın Martinikdə müstəmləkəçilik siyasəti 1635-ci ildə adanın işğalı ilə başladı. Buna qədər isə ada İspaniyanın nəzarətində idi. Daha sonra adada daimi yerləşmək məqsədilə koloniyalar quran Fransa yerli xalqlarla toqquşmaya girdi və nəticədə Martinikdə əhalinin sayı azaldı. 17-ci əsrin əvvəllərində Fransanın adadakı müstəmləkə iqtisadiyyatının mərkəzində şəkər istehsalı dayanırdı. Ancaq plantasiyalarda işçi qüvvəsi çatışmazlığı vardı. Müstəmləkə idarəçiliyi isə problemin həllini oraya Afrikadan kölələrin gətirilməsində gördü. 1794-cü ilə quldarlığın ləğv olunması adada müstəmləkə iqtisadiyyatına dərindən təsir göstərdi. Şəkər istehsalı davam etdi və zaman keçdikcə işçi qüvvəsini kölələr deyil, Afrika və Asiyadan gətirilən ucuz işçi qüvvəsi təşkil etməyə başladı.
Bu vəziyyət dolayısı ilə Martinikdəki ictimai quruluşa təsir etdi. Adanın idarəsi az sayda Fransada idi, əksəriyyəti afrikaəsilli olan insanlar iqtisadi və sosial cəhətdən marginallaşmışdılar. Belə ki, Martinikdə ötən əsrdə meydana çıxan görkəmli siyasi lider Eme Sezer (Aime Cesaire) də azadlıq hərəkatının qurucularından biri, müstəmləkəçiliyə qarşı müqavimət simvolu idi.
Martinik digər Fransa müstəmləkələri kimi müstəqillik qazana bilmədi. 1946-cı ildə keçirilən qanunsuz referendumun nəticəsinə görə, ada Fransanın dənizaşırı ərazisi elan olundu. Hər nə qədər rəsmi dil fransızca olsa da, yerli əhali, əsasən, kreolca danışır. Adadakı insanlar Fransa vətəndaşı olsalar da, oradakı əhali ilə eyni hüquqlara malik deyillər. 2003 və 2010-cu illərdə keçirilən referendumlarla ada xalqının hüquq və azadlıqları daha da məhdudlaşdırıldı. İnteqrasiya adı altında, əslində, aparılan assimilyasiya siyasəti gücləndirildi. Bu vəziyyət isə son günlərdə orada meydana gələn hadisələrin əsas səbəblərindəndir".
Mütəxəssis Makron hökumətinin güc yolu ilə haqlı etirazları yatırtmağa çalışdığını bildirib:
"Martinikdə xalq sentyabr ayının əvvəlindən başlayaraq bahalığa qarşı genişmiqyaslı etiraz aksiyaları keçirir. Çünki əhalisinin sayı 350 min nəfər olan Martinikdə qida məhsullarının qiyməti Fransaya nisbətən 40% bahalaşdı. Alıcılıq qabiliyyəti zəifləyən və tələblərinə hökumətdən cavab ala bilməyən xalq küçələrə çıxdı. Əvvəl sakit keçən mitinqlər sonradan toqquşmalara çevrildi. Yerli idarəçilər Fransadan kömək istədilər və nəticədə 65 ildən sonra ilk dəfə Respublika Təhlükəsizlik Bölmələri (RTB) adaya yeridildi. RTB Fransada xalq etirazlarını, üsyanları yatırtmaq üçün istifadə olunan xüsusi bölmədir. Ancaq bütün hallarda problemin belə yollarla həlli qeyri-mümkündür. Fransanın Sosialist Partiyasının lideri Beatris Bellay da RTB-nin adaya göndərilməsini səhv addım adlandırdı. Onun sözlərinə görə, məqsəd vəziyyəti daha da gərginləşdirmək yolu ilə yerli əhalini öz haqlı tələblərindən çəkindirməkdir.
Xalq keçirilən referendumların, qəbul edilən qanunların onun maraqlarını ifadə etmədiyini vurğulayır. Digər tərəfdən, Fransa hökuməti adaya ayrılan vəsaiti bəlli qruplar arasında bölür".
"Makron hökuməti Martinikdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa BMT Nizamnaməsinin "Məqsədlər və Prinsiplər" adlı I Fəslinin 2-ci maddəsinə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Eyni zamanda, 1960-cı il dekabrın 14-də yeni suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən qəbul olunan "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" adlı 1514 saylı qətnamə heçə sayılır.
Digər tərəfdən, sənədin özü-özünü idarə edə bilməyən ərazilərlə bağlı 11-ci fəslindəki 73-cü maddənin şərtləri də buraya daxildir. Üstəlik, sadaladıqlarımız yalnız Martinik adasına deyil, Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayota da aiddir. Hələ Əlcəzair və Ruandadakı soyqırımlarının ləkəsi Fransanın alnındadır. Dünyaya demokratiyadan dərs keçməyə çalışan, öz iqtisadi maraqları naminə beynəlxalq hüququn ən vacib hesab olunan imperativ normalarını tapdalayan Fransa hər şeydən öncə beynəlxalq aləm və bəşəriyyət qarşısında öz cinayətlərinə görə mütləq şəkildə cavab verməlidir".
Söhrab İsmayıl