Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə seçilmiş “10 ilin dövlət adamı” və “İlin ulduzları” mükafatlarının iyulun 13-də İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan prezidenti İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilib.
“Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” nominasiyasında baş nazir Rəcəb Tayyib Ərdoğan, “10 ilin naziri” nominasiyasında Binəli Yıldırım, “İlin xarici sərmayə yatırımı” nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan edilib. Sorğuda “İlin ulduzları” nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılıblar.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, qardaş ölkənin dövlət və özəl qurumlarının, ictimaiyyətin nümayəndələri, iş adamları, ziyalılar və s. iştirak ediblər.
Mərasimi açan “Ekovitrin” Media Qrupu idarə heyətinin sədri K.Abacıoğlu deyib ki, ötən on ildə qardaş ölkə Azərbaycanın iqtisadi möcüzə göstərərək sürətlə inkişaf etdiyini vurğulayıb:
“Azərbaycan çox böyük iqtisadi yüksəlişə nail olub. Azərbaycan Türkiyə kimi iqtisadiyyat nəhənginin daxilində - İzmirdə böyük Petkim layihəsini satın aldı və buraya 17,5 milyard dollarlıq sərmayə yatırdı. Bu, qürurverici nailiyyətdir. Biz Azərbaycan prezidenti İlham Əliyevə buradan salamlarımızı və ehtiramlarımızı göndəririk”.
Ə.Həsənov ötən on ildə Azərbaycanın daha bir uğurunun da 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olduğunu bildirib:
“Azərbaycan ikinci türk dövlətidir ki, Təhlükəsizlik Şurasının üzvüdür. Bizim bu gücümüzün meydana çıxmasında da, Türkiyənin dünyada bugünkü geosiyasi, geoiqtisadi, geostrateji və hərbi qüdrətinin artmasında da Azərbaycanın məxsusi payı var. Biz bu payı dəyərləndirənlərə təşəkkür edirik. Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqıdır. Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər – “10 ilin dövlət adamı” mükafatı tam reallığı əks etdirir. Bu işdə əməyi keçən, bu sevinci bizimlə bölüşən hər kəsə Azərbaycan hökuməti adından bir daha təşəkkür edirəm”.
Çıxışlardan sonra mükafatların təqdim edilməsi mərasimi olub.
Nazir Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevin layiq görüldüyü “10 ilin dövlət adamı” mükafatını Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova təqdim edib.
Məlumat verilib ki, “Ekovitrin” jurnalının bu il fevralın 1-dən aprelin 24–dək keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdir. Rəy sorğusunda 35 kateqoriya üzrə 105 namizədə səs verilib.
Tədbirdə göstərilmiş filmdə İlham Əliyevin Azərbaycan prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı söz açılıb.
Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilib. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Məhz bu uğurlara görə prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib.