Azərbaycan Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında sazişin bağlanılması imkanlarını nəzərdən keçirmir, lakin strateji tərəfdaşlıq variantını müzakirə edə bilərdi.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ümumdünya İqtisadi Forumunun kuluarlarında bəyan edib.
“Xeyr, planlaşdırmırıq. Mən hesab edirəm ki, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı münasibətlər səviyyəsi yəqin ki, assosiasiyadan daha yüksək formada əməkdaşlıq tələb edir. Və bundan başqa, “assosiasiya” sözü bizim üçün o qədər də məqbul deyil. “Assosiativ üzv” – bu nə tərəfdaş deməkdir? Burada dəqiq definasiya yoxdur. Azərbaycan bütün mənalarda, həm siyasi, həm də iqtisadi baxımdan heç kimdən asılı deyil. İstənilən inteqrasiya prosesinə əlavə üstünlüklər qazanmaq üçün getmək lazımdır. Və hələlik biz assosiasiya layihəsi çərçivəsində bunu görmürük”, - deyə, İlham Əliyev bildirib.
“Əgər digər əməkdaşlıq formaları, məsələn strateji tərəfdaşlıq olarsa – əlbəttə ki, o zaman biz bunu müzakirə edə bilərik”, - deyə, o əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Aİ arasında münasibətlər 1996-cı ildə Lüksemburqda imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında qurulur. Bakı, həmçinin məqsədi Ukrayna, Ermənistan, Moldova, Gürcüstan, Azərbaycan və Belarusla Aİ-yə daxil olmadan yaxınlaşmaya hesablanmış “Şərq tərəfdaşlığı” proqramında iştirak edir. 2009-cu ildə Aİ ölkələrinin XİN rəhbərləri Avropa Komissiyasına Ermənistan, Azərbaycan və Gürcüstanla həmin ölkələrlə ikitərəfli fəaliyyət planlarını əvəzləyəcək Aİ ilə ikitərəfli assosiasiya sazişlərinin bağlanması barədə danışıqlar aparmaq üçün mandat verib.
Prezident İlham Əliyev bir müddət əvvəl bəyan etmişdi ki, Aİ və Azərbaycan arasında strateji əlaqələrin gələcək formatı bu il müəyyənləşəcək. Davosda İlham Əliyev qeyd edib ki, Azərbaycan xeyli müddətdir ki, Aİ ilə bir çox istiqamətlərdə kifayət qədər effektli əməkdaşlıq edir.
“Biz həm energetika, həm iqtisadiyyat, həm də nəqliyyat sahəsində əməkdaşlığın səviyyəsindən razıyıq”, - deyə, o bildirib.
Azərbaycan prezidentinin sözlərinə görə, ölkənin qarşısında Aİ yaxud Gömrük İttifaqına daxil olmaq üzrə seçim dayanmayıb.
“Gömrük İttifaqı ilə aramızda çox fəal ikitərəfli münasibətlər var. Qarşılıqlı mal dövriyyəsi artır və ümumilikdə, siyasi əlaqələr yüksək səviyyədədir. Bizim qarşımızda hansısa seçim, alternativ məsələləri heç zaman dayanmayıb. Biz həm Gömrük İttifaqı, həm də Avropa İttifaqının üzvləri ilə əməkdaşlıq edirik”, - deyə, o bildirib.