Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb.
Bu müəssisəsinin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.
Xəstəxana binası ilə tanışlıqdan sonra prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
14:58
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gedib.
Oxu.Az xəbər verir ki, əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlətn başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
14:18
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Goranboy Bayraq Muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə 3 bölmə var.
Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Bundan başqa, muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
14:10
İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verib.
Bildirilib ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.
Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, prezident İlham Əliyev Samux və Goranboy rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.
Dövlət başçısının həmin mərasimdə verdiyi tapşırıqların icrasına uyğun olaraq 2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğularının, eləcə də kanalın tikintisi işləri davam etdirilib. Bu hissədə nəqliyyatın hərəkətinə maneçilik yaradılmaması üçün 450 metr uzunluğunda düzbucaqlı dəmir-beton suötürən qurğu, eləcə də uzunluğu 4,95 kilometr olan açıq dəmir-beton üzlüklü kanal inşa olunub. Bununla da, Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.
14:00
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib.
Bildirilib ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.
Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli 7 eleqaz açarla təchiz edilib. Bununla yanaşı, yarımstansiyada 8 çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan 4 giriş, 2 bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatıka sistemləri ilə təchiz edilib və SCADA dispetçer sisteminə qoşulub.
“Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik 6 reaktor qurğusu əlavə olunub. Yarımstansiya 110 kilovoltluq ikidövrəli “Gəncə-1” və 110 kilovoltluq “Gəncə-2” hava xətlərindən ikidövrəli budaqlanma yolu ilə qidalanaraq 35 kilovoltluq 2 hava xəttini enerji ilə təmin edir.
Bundan başqa, 35 kilovoltluq “Kürəkçay” və “Azad”, 10 kilovoltluq “Ağamalıoğlu”, “Nizami”, “Faxralı”, “Göynüyən”, “Ferma”, “Səmədabad”, “Xoylu”, “Baxçakürd”, “Pambıq zavod”, “IV Subartezian” və “Qazaxlar” hava xətləri də məhz “Dəliməmmədli” yarımstansiyasından çıxır. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə 8 min abonentin elektrik enerjisi təchizatı təmin olunur.
Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq “Kürəkçay” yarımstansiyası barədə də məlumat verilib. Bildirilib ki, 1947-ci ildən istismarda olan bu yarımstansiya tamamilə yenidən qurulub. Goranboy şəhərindəki mühüm sosial və istehsalat obyektlərinin enerji ilə təminatını həyata keçirən “Kürəkçay” yarımstansiyasında 40 MVA gücündə iki transformator, 110 kilovoltluq 5 dəst müasir tipli eleqaz açar, müasir tipli İdarəetmə mərkəzi, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular və 34 yuva quraşdırılıb. Ümumilikdə “Kürəkçay” yarımstansiyası vasitəsilə 20 min abonent - 100 mindən artıq əhali elektrik enerjisi ilə təchiz edilir.
13:31
Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
13:00
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun inşası prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən aparılıb. Yolun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb. İnşaat işləri zamanı bütün texniki tələblərə tam riayət olunub. Layihə çərçivəsində 300 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, zəruri yerlərdə minə yaxın yol nişanı və göstərici lövhə quraşdırılıb, 50 kilometr uzunluğunda yol cizgi xətləri çəkilib.
Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
11:46
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına müəssisə barədə məlumat verib.
Azərbaycan prezidenti müəssisənin kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
10:16
Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib.
Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində dövlət başçısı bu gün Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.
Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb.
Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək.
Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.