Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi, Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının səmərəli olacağına və gələcək əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu qeyd etdi.
Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğuladı. Qonaq bildirdi ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığımızı inkişaf etdirmək və ölkələrimizin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.
İlham Əliyev həmçinin Türkmənistanın Baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib.
Baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı.
Azərbaycan prezidenti İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd etdi. Dövlət başçısı Türkmənistan Baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.