Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Prezident İlham Əliyevin giriş nitqi:
- Bu gün biz üçüncü rübün və ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Yadımdadır, ilin əvvəlində keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il olacaqdır. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir.
Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır.
Neft-qaz sektorunda işlər uğurla gedir. Mən bu barədə bir qədər sonra öz fikirlərimi bildirəcəyəm. Ancaq qeyri-neft sektorunun inkişafı bizim əsas məqsədimizdir.
Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.
Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.
İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.
Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaqdır.
Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir. Doqquz ayda 19 milyard dollar investisiya qoyulub. İlin sonuna qədər bu rəqəm daha da artacaq və beləliklə, bizim inkişafımız daha da sürətlə gedəcək.
İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir.
Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.
Biz əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik. Eyni zamanda, bizim rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.
Deyə bilərəm ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdik və dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər, böyük nüfuzu olan maliyyə-iqtisadi qurumların qiymətləndirməsi, əlbəttə ki, çox önəmlidir.
Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilmişdir və bu proses davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yeri açılmışdır, onlardan 80 mini daimi iş yerləridir. Proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. Bu da imkan vermişdir ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur. Baxmayaraq ki, ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir.
Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artmışdır. Sosial layihələr icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, – bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılmışdır. Bu il də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bu proses gedir və gələn il də təbii ki, davam etdiriləcəkdir.
Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək. Bu planlar ictimaiyyət üçün aydındır, bəllidir. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası - “2020 konsepsiyası” var və əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin.
Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır.
Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri, ondan sonra kənd yolları tikilir. Yəni bu da, hesab edirəm ki, çox vaxtında qəbul edilmiş proqram idi. Həm regionların, həm də Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramları paralel şəkildə icra edilir və əminəm bizə imkan verəcək ki, növbəti 2-3 il ərzində ölkə qarşısında duran əsas infrastruktur layihələri başa çatacaq. Əlbəttə ki, bu, bizim gələcək inkişafımıza müsbət təsir göstərəcək. Ona görə ki, böyük investisiya layihələri artıq arxada qalır. Bu, imkan verəcək ki, biz büdcə vəsaitini yeni istiqamətlərə yönəldək. Biznesin təşviqi, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı üçün daha da böyük həcmdə vəsait nəzərdə tutaq. Çünki hələ dövlət investisiya xərclərinin təbii ki, böyük hissəsi infrastruktur layihələrinə yönəlibdir. Su anbarları, magistral yollar, digər layihələr, dəmir yolları, o cümlədən içməli su, kanalizasiya layihələri, Oğuz-Qəbələ-Bakı su kəməri – bu nəhəng infrastruktur layihələri böyük vəsait tələb edən layihələrdir. O cümlədən gəmiqayırma zavodu, yeni beynəlxalq dəniz ticarət limanı, yəni, bütün bu layihələr artıq icra edilib, ya da onların icrasına az qalıbdır. Ona görə biz növbəti illərdə büdcə xərclərini daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəltməliyik.
Bax, bizim konseptual yanaşmamız bundan ibarətdir. İnfrastruktur layihələri icra edilməli idi ki, şərait yaradılsın. Biznesin inkişafı üçün aparılan islahatlar müsbət rol oynamışdır. Sahibkarlığın inkişafına həm siyasi, həm maliyyə dəstəyi göstərilmişdir və göstərilir. Beləliklə, ölkənin dinamik inkişafı təmin edilmişdir və bu gün Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bu yaxınlarda IV Bakı Beynəlxalq Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktorunun çıxışında da səsləndi ki, Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə çox önəmlidir və başqa ölkələr üçün də örnək ola bilər. Yoxsulluğun azaldılması bilavasitə bizim iqtisadi siyasətimizlə və sosial siyasətlə bağlıdır. Mən bunu dəfələrlə demişəm, bu bizim siyasətimizdir ki, sadəcə olaraq iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız bundan ibarətdir və bu da ölkə qarşısında yeni imkanlar açır.
Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir.
İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil.
Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var. Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir. Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir.
Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amil də az rol oynamır. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır.
Keçən rübdə ölkəmiz üçün tarixi hadisə baş vermişdir. “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Böyük, təntənəli mərasim keçirilmişdir. Bu layihənin icra edilməsi əlbəttə ki, tarixi hadisədir. Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə “Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir, tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında “Əsrin kontraktı” imzalanmışdı. O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.
Bu ilin doqquz ayının əsas istiqamətlərini qeyd etdim. Əlbəttə ki, bu aylar ərzində çox önəmli hadisələr baş vermişdir. Onlar haqqında burada danışsam, saatlarla vaxt lazım olacaq. Sadəcə olaraq qeyd etməliyəm ki, doqquz ayın yekunları müsbətdir. İlin sonuna qədər iş davam etdiriləcək və bu ili də biz uğurla başa vuracağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- İlin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tapmalıdır. Büdcədə kifayət qədər vəsait vardır. İnfrastruktur layihələri başa çatdırılmalıdır. Bir sözlə, 2014-cü ildə də biz qarşımıza qoyduğumuz bütün məsələləri həll etməliyik və edəcəyik.
Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Əminəm ki, belə də olacaq. İnfrastruktur layihələrinin icrası davam etdirilir. Bir sözlə, bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur.
İlin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində icra edilən ən böyük layihələrdən biridir. Böyük investisiyalar qoyulubdur. Şəmkirçayda böyük su anbarı, elektrik stansiyası, kanallar tikilir. Bu, bizə imkan verəcək ki, əkin sahələrini genişləndirək və fermerlər üçün yeni imkanlar yaranacaqdır. İlin sonuna qədər açılışı nəzərdə tutulan bu böyük layihə demək olar ki, hazırdır, tamamlanma işləri aparılır. Yaxın vaxtlarda açılışını qeyd edəcəyik.
Gələn ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcəkdir. Əsas prioritetlər bəllidir. Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Məktəblərin tikintisi. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib. Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək.
Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq.
Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşmüşdür, ya da əfsuslar olsun ki, özəlləşdirilmişdir və onların yerində başqa obyektlər tikilmişdir.
Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxmışdır. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona görə uşaq bağçalarının qıtlığı böyük problemlərə gətirib çıxarır. İşsizliklə bağlı əlavə addımlar atılacaqdır və biz çalışmalıyıq ki, ümumiyyətlə, Azərbaycanda işsizlik olmasın. Əlbəttə ki, hər bir ailədə valideynlərin hər ikisi işləyir. Belə olan halda uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bir sözlə, biz bu sahəyə dövlət büdcəsində diqqət yetirməliyik. Yerlərdə də həm özəl sektor, həm də yerli icra orqanları bu işlərlə məşğuldurlar. Hesab edirəm ki, bu işi daha da sürətləndirmək lazımdır.
Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.
Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilmişdir. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilmişdir. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim etmişdir, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdirmişlər. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir.
Əlbəttə ki, dövlət investisiya layihələri, investisiya proqramı təsdiq ediləcək. Hesab edirəm biz bu ilin sonuna qədər bu proqramı təsdiq etməliyik ki, gələn il vaxt itirmədən investisiya layihələrini icra edək.
Onu da bilməliyik ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər - sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq.
Əminəm ki, gələn il inflyasiyanın səviyyəsi birrəqəmli olacaq, aşağı səviyyədə olacaq. Bu, imkan verəcək ki, insanların rifah halı daim artsın. Çünki inflyasiyanın qalxması və manatın məzənnəsinin düşməsi əlbəttə, insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir, həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.
Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülübdür. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır.
Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr – Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq – əlbəttə ki, biz bu barədə düşünürük və bu yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir.
Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır. Bir daha demək istəyirəm ki, hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Biz, sadəcə olaraq, gərək əlavə investisiyalarla, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıraq. Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var. Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Biz əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq.
Giriş sözümdə dediyim kimi, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hesab edirəm ki, bu sahədə xidmət sektoru Azərbaycanda indi xüsusi yer tutur. Turizmin inkişafı sürətlə gedir, bu ilin təcrübəsi onu göstərir. Bu il bir neçə gözəl müasir otel istifadəyə verilmişdir. Bölgələrdə turizm imkanları genişlənir. İndi bölgələrdə beşulduzlu otellər açılır. Mən o açılışların hamısında şəxsən iştirak edirəm və hesab edirəm ki, burada böyük potensial var. Biz xarici turistlərin cəlb edilməsi üçün daha da fəal işləməliyik. İndi Azərbaycan haqqında məlumatlar dünya ictimaiyyətinə kifayət qədər çatdırılır. Müxtəlif təqdimatlar, sərgilər, mədəni proqramlar, xüsusilə birinci Avropa Oyunları ilə bağlı olan tədbirlər, prezentasiyalar mütəmadi qaydada keçirilir. Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur. Gözəl sahillər, Xəzər dənizi, dağlar, meşələr, xizək turizmi. Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır.
Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik. Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni, biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir? Onların daxili istehlakda çəkisi nə qədərdir?
Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq, fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indi məhz o sahələr, o məhsullar üzrə özümüzü təmin edirik. İnşaat materialları ilə də eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var. Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik.
Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq.
Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir.
Bu yaxınlarda Həştərxanda keçirilən Xəzər Zirvəsində mən öz həmkarlarıma bu barədə məlumat vermişəm və demişəm ki, onlar da bu imkanlardan istifadə edə bilərlər. Xaricdən gəmi almağa daha ehtiyac yoxdur. Bizim gəmiqayırma zavodumuz istənilən gəmini istehsal edə bilər. Burada biz Xəzəryanı ölkələr arasında əlaqələndirmə işlərini daha da yüksək səviyyədə qurmalıyıq, o cümlədən limanlar arasındakı əlaqələndirmə məsələlərinə də böyük ehtiyac var.
Hava nəqliyyatı inkişaf edir. Yeni təyyarələr alınır və keçən rübdə bir önəmli hadisə də baş vermişdir. İlk dəfə olaraq “Azərbaycan Hava Yolları – AZAL” Nyu-Yorka birbaşa uçuşları təşkil etmişdir. Bu, böyük nailiyyətdir. Bu, bir keyfiyyət nişanıdır. Çünki Amerika şəhərlərinə uçuşları təşkil etmək üçün icazə almaq prosesi kifayət qədər mürəkkəbdir. Çox böyük standartlar tələb edilir. Hazırda Bakı-Nyu-York reysi artıq həyata keçirilir. Bu da böyük nailiyyətdir. Ona görə ki, bizim vətəndaşlarımız və xarici qonaqlar birbaşa uçuşlar əldə edəcəklər. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, artıq bizim hava yollarımızın yüksək səviyyəsini göstərir.
Gələn il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan vəsait nəzərdə tutulur. Biz hər il təkcə tikinti işlərinə 300 milyon manat ayırırıq və minlərlə soydaşımız bu məbləğ hesabına yeni evlərlə təmin edilir. Hər il dörd min, beş min ailə - yəni, ən azı 20 min nəfər yeni evlərə köçürülür. Əlbəttə, bu işlər davam etdiriləcəkdir.
Qeyd etdiyim kimi, sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlini qoyduq. Onun da böyük rəmzi mənası var. Biz təməlqoyma mərasimini başqa gündə də keçirə bilərdik. Sadəcə fikirləşdim ki, 20 il bundan əvvəl sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu, Azərbaycanın inkişafını müəyyən etmişdir. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətli yanaşması olmasaydı, o müdrik addım atılmasaydı bu gün Azərbaycan necə inkişaf edəcəkdi, - bu, böyük sualdır, - nəyin hesabına inkişaf edəcəkdi? “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir.
Bir daha demək istəyirəm ki, bu, növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ ki, bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.
Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq. Daxildə iqtisadi və enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Ona görə “Cənub” qaz dəhlizinin inşası zamanı və inşası nəticəsində hələ bəlkə də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumatlar verilmişdir. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə çıxaraq və əhatə dairəmiz də artacaq. Çünki hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır. Ancaq o ölkələrin sayı arta bilər. Yəni, bu layihə çox böyük imkanlar açır və əlbəttə ki, Azərbaycanı çox önəmli ölkə kimi bir daha təsdiqləyir.
Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Eyni zamanda, demişəm, Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, bizim maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu layihə bizim önəmimizi daha da artıracaq və Azərbaycan güclənəcək, öz təsir imkanlarını genişləndirəcəkdir. Əlbəttə ki, bu layihənin icrası zamanı tərəfdaş ölkələrlə əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Mən artıq öz həmkarlarımla bu barədə danışmışam. Yəqin ki, gələcək aylarda bir əlaqələndirmə şurası, yaxud da, işçi qrupu yaradılmalıdır ki, bu məsələlər bütün ölkələrlə - tranzit və istehlakçı ölkələrlə müzakirə edilsin. Bu layihənin icrası yüksək ekoloji standartlar əsasında təşkil edilməlidir.
Əlbəttə ki, beynəlxalq səviyyəli standartlar tətbiq ediləcək. Çünki biz ekologiya məsələlərinə çox böyük diqqət göstəririk. Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısı indi yeni kanalizasiya layihələrinin icrası nəticəsində alınır. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. İndi Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neftlə çirklənmiş qara bir ərazi idi. İndi orada idman şəhərciyi tikilir və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcək. İndi ora abad bir ərazi olubdur. Hətta indi orada buruqlar da vardır və hasilat davam edir. İndi biz buruqların ətrafını da abadlaşdırırıq, abadlaşdıracağıq. Əlbəttə ki, hazırda böyük ekologiya layihəsi icra edilir. Böyükşor gölünün təmizlənməsi də tarixi nailiyyətdir. Çünki onilliklərlə o gölə çirkab suları, lay suları axıdılırdı. Bu, şəhərimizin ortasında böyük bir ekoloji fəlakət idi. İndi gölün təmizlənməsi prosesi gedir. Birinci hissə gələn ilin yayına hazır olacaqdır.
Yəni, ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək.
Mən burada “Ağ Şəhər” layihəsini də qeyd edə bilərəm. “Ağ Şəhər” Qara şəhərin ərazisində yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri.
İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir. Artıq “Ağ Şəhər”in konturları görünür.
Bax, biz bu yolla başqa layihələri də icra etməliyik. Biz buraya da iş adamlarını cəlb etməliyik. Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər.
Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.
İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq. Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaqdır.
Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.
Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir.
Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.
Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq. Sağ olun.
18:08
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bildirdiyinə görə, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.
Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb.
Dövlətimizin başçısı bildirdi ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Ötən doqquz ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev vurğuladı ki, artıq bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşdü və bunu tarixi hadisə adlandırdı.
Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
İclasa yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini dedi. Dövlətimizin başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini qeyd etdi, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirdi. Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyini vurğuladı, müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu bildirdi. Dövlətimizin başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirdi, bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacağını qeyd etdi. Hava nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan Prezident İlham Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini söylədi, ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini vurğuladı. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən Prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirdi.
14:33
Oktyabrın 8-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Oxu.Az xəbər verir ki, AzTV-nin yaydığı məlumata görə, iclasda ölkənin ayrı-ayrı iqtisadi sahəsindəki vəziyyətə dair hesabatlar dinlənilib.