“Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”.
“Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib.
Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir.
Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib:
“Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. Narahatlığa əsas yoxdur”.
Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir.
Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi.
Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib.
Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:
İran Ermənistanın Araz çayını zəhərləməsinə göz yumur - VİDEO