Ermənistanda parlament seçki başa çatsa da, siyasi mübarizə yeni mərhələyə keçir. Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin təxminən yarısını toplayaraq hakimiyyətini qorumağı bacarıb. Lakin seçkinin nəticələri cəmiyyətdəki parçalanmanı da açıq şəkildə ortaya qoyur.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
İlkin nəticələr açıqlanan kimi müxalifət düşərgəsi etirazlara başlayıb. Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku və digər siyasi qüvvələr seçkinin nəticələrini qəbul etmədiklərini bəyan edirlər. Onlar hökuməti inzibati resurslardan istifadə etməkdə, müxalifətə təzyiq göstərməkdə və seçki prosesinə müdaxilə etməkdə ittiham edirlər.
Artıq bəzi siyasi qüvvələr səslərin yenidən sayılmasını tələb ediblər. Ermənistan qanunvericiliyinə görə, nəticələrdən narazı tərəflər iyunun 19-na qədər Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Bu isə o deməkdir ki, seçki marafonu formal olaraq başa çatsa da, hüquqi və siyasi mübarizə qarşıdakı günlərdə daha da kəskinləşə bilər.