Azərbaycan İslam Partiyası seçkilərə Mövsüm Səmədovun namizədliyi ilə gedəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Gündəlik Teleqraf-a AİP sədri Elçin Manafov partiyasının seçkidə iştirak forması barədə danışarkən deyib.
Onun sözlərinə görə, AİP bir neçə gün sonra rəsmi qərarını mətbuata açıqlayacaq:
“İslam Partiyasının Məşvərət Şurası var. Bütün heyəti islamçılar və nüfuzlu şəxslərdir. Bizim seçkidəki addımlarımızı müzakirə edib yolumuzu təyin edirlər. Son iclasımız avqustun 3-də keçirildi və seçki ilə bağlı qərar qəbul olundu. Ayda iki dəfə bu iclas təşkil olunur”.
E.Manafov Mövsüm Səmədovun zindandan çıxmasını və seçkilərdə iştirak etməsini arzu edir:
“Biz onun azadlığı üçün mübarizə aparırıq. Bütün orqanlara müraciət etmişik. Yəqin hakim dairələr mətbuatdan bilirlər ki, onun istəyənləri var. Hamı onun namizədliyinin arzusundadır. Bütün bunlar müəyyən kompromislər üçün səbəb olmalıdır”.
O, AİP-in Milli Şuradan çıxması barədə xəbəri təsdiqləyib:
“Biz əvvəldən qəti qərarla qatılmamışdıq. Sadəcə əməkdaşlıq edirdik. Yoxsa heç bir şərt kəsməmişdik, vədimiz yox idi ki, onların seçdiyi namizədə səs verəcəyik. Azərbaycandakı bütün sağlam və demokratik qüvvələrlə əməkdaşlığa hazırıq”.
Qeyd edək ki, İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov iyulun sonlarında Milli Şuradan imtina etmişdi.
Onun yaydığı bəyanatda bildirilmişdi ki, Milli Şurada təmsil olunması məqbul deyil.