Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kasım-Jomart Tokayev: “Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur” - MÜSAHİBƏ
“Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”.
Oxu.Az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
- Siz 2022-ci ilin avqust ayında Azərbaycanda rəsmi səfərdə olmusunuz və şübhəsiz ki, həmin səfər iki dövlət arasında münasibətlərdə tarixi məqama çevrilib, onların inkişaf dinamikasına təkan verib. İkitərəfli münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
- Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir. Fürsətdən istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm. Səsvermənin nəticələri Azərbaycan liderinin xalq tərəfindən dəstəkləndiyini və onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi. 2022-ci ildə Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən mənada təkanverici oldu. İlk növbədə, bu, mənim ölkə başçısı kimi Azərbaycana ilk səfərim idi. İkincisi, bu səfər, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbulu əməkdaşlığımızın yeni mərhələsinin başlanğıc nöqtəsi oldu. Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata keçirilir. Ənənəvi qarşılıqlı fəaliyyət mexanizmləri ilə yanaşı, Qazaxıstan-Azərbaycan Ekspert Şurası, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası yaradılıb və fəaliyyət göstərir. Bakıya səfərim çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası işə başlayacaq və biz onun ilk iclasını keçirəcəyik. Normativ-hüquqi baza tədricən genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Qarşıdan gələn səfərim zamanı növbəti mühüm sənədlər paketi imzalanması üçün hazırlanır. Təbii ki, bu, qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək. 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) artıb. Bu, parlaq dinamikadır və biz dövriyyə həcminin artırılmasını davam etdirməyi planlaşdırırıq. Bizim portfoliomuza həm ölkələrimiz, həmçinin bütün region üçün vacib olan bir sıra layihələr daxildir. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünü aid etmək olar. Bir sıra birgə təşəbbüslər ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və turist axınının artırılmasına hədəflənib. Ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır. Əminəm ki, birgə səylərlə bu məqsədə nail olacağıq.
- Prezident İlham Əliyevlə görüşünüz zamanı Qarabağın bərpasına qazax xalqının töhfəsi ilə bağlı mühüm qərar qəbul olundu. Qazaxıstan tərəfi Azərbaycan xalqına hədiyyə olaraq Füzuli şəhərində görkəmli qazax bəstəkarı Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisini təklif edib. Qardaş Qazaxıstan gələcəkdə ölkəmizdə digər hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Qarabağın necə dinamik şəkildə canlandığını artıq görürük. Bu regionda böyük quruculuq işləri aparılır. Nəqliyyat, sosial və turizm infrastrukturu aktiv şəkildə inkişaf edir, hava limanları, mehmanxanalar, yaşayış binaları, məktəblər tikilir. Təbii ki, biz bu fəzilətli işlərdən kənarda qala bilməzdik. 2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək. Mən şirkətlərimizin Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlı olduğunu bir daha təsdiqləmək istərdim. Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin həyata keçiriləcəyini gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Əlavə olaraq qeyd etmək istərdim ki, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır. Qazaxıstan beynəlxalq sülhməramlı təşəbbüsləri iqdam edən və dəstəkləyən ölkə olaraq bütün Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəaliyyəti prioritet adlandırıb: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik”. Cənab Prezident onu da qeyd edib ki, Azərbaycanın TDT-yə üzv olan bütün dövlətlərlə qardaşlıq münasibətləri var və ölkənin siyasəti Təşkilatın möhkəmlənməsinə yönəlib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
- TDT-nin gələcəyini və bu Təşkilat çərçivəsində Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
- İlk olaraq onu qeyd edim ki, Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır. Qurumun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb və müqavilənin özü qədim Azərbaycan torpağında imzalanıb. Həmin andan demək olar ki, on beş il ötüb və indiyə qədər bizim ümumi təşkilatımız institusionallaşma yolunda uzun məsafə qət edib. Bundan əlavə, TDT beynəlxalq arenada tanınmış və hörmətli aktora çevrilir. Türk Dövlətləri Təşkilatının tarixi missiyasını zaman Azərbaycan lideri ilə razılaşmamaq çətindir. Həqiqətən də, bu inteqrasiya birliyinin rolunu dəyərləndirmək çətindir. Nisbətən qısa bir tarixi dövr ərzində dövlətlərimizin əməkdaşlığı özünün həyat qabiliyyətini nümayiş etdirərək türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi müəyyən edib. Obrazlı şəkildə desək, bizim vəzifəmiz güclü genlərə malik bu cücərtini davamlı olaraq inkişaf etdirməkdir. TDT-nin potensialı olduqca böyükdür. Sadəcə bəzi rəqəmlərə nəzər salaq: TDT-yə üzv olan ölkələrin ümumi ərazisi təxminən 4,5 milyon kvadrat kilometrdir, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi - 160 milyon nəfərdən artıqdır. TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Təşkilatın bütün ölkələri dünya iqtisadi proseslərinə inamla daxil olub, əsas beynəlxalq təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu, TDT çərçivəsində inteqrasiya proseslərinin daha da uğurlu inkişafı üçün kifayətdir. Türk dövlətlərinin tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idmandan tutmuş ortaq tariximizin indiyədək naməlum səhifələrinin araşdırılmasına qədər geniş spektrli məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməyə qərarlı olması gələcəyə inam yaradır. Bu baxımdan, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi TDT ailəsinə daxil olan digər təşkilatların əməyini qeyd etməyə bilmərəm. Onlar təkcə humanitar və maarifləndirici missiya yerinə yetirmir, həmçinin xalqlarımızın həyatına böyük mənəvi güc verirlər. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) qanunların təsis edilməsi və parlament diplomatiyasının inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparıldığı, qabaqcıl ideyaların toplandığı nüfuzlu beynəlxalq qurumdur. Nisbətən yaxın dövrdə yaradılmış Türk İnvestisiya Fondu regiondaxili ticarətin, kiçik və orta sahibkarlığın inkişafına kömək etməyə vəsaitlərin cəlb edilməsi, habelə beynəlxalq maliyyə institutları ilə birgə layihələrin həyata keçirilməsi üçün yüksək effektiv platforma yaratmaq üçün nəzərdə tutulub. Qazaxıstanla Azərbaycan arasında TDT çərçivəsində əməkdaşlıqdan danışarkən, Təşkilatın institusional inkişafına yanaşmalarımızın ahəngliyinə diqqəti çəkmək istərdim. Ölkələrimiz türk yönümlü altı beynəlxalq təşkilatın hamısının iştirakçısıdır və bu, TDT-nin inteqrasiyasının inkişaf vektorunu Astana ilə Bakının eyni şəkildə görməsinin ən bariz nümunəsidir. Qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün Azərbaycan idmançılarını cari ilin 8-14 sentyabr tarixlərində Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında iştirak etməyə dəvət edirik.
- Hazırda hamımız görürük ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) həm regionumuz, həm də bütün dünya ölkələri üçün əhəmiyyət getdikcə daha da artır. Onun potensialını və ölkələrimizin iqtisadiyyatı üçün gələcək rolunu necə qiymətləndirirsiniz?
- Yeni geosiyasi reallıqlar kontekstində transkontinental ticarətin təşviqində və inkişafında ölkələrimizin rolu sürətlə artır. Hətta xəritəyə ötəri nəzər salmaq belə Mərkəzi Asiya və Cənubi Qafqazın unikal coğrafi mövqeyindən xəbər verir. Bu səbəbdən Qazaxıstan da Azərbaycan kimi ölkənin logistika və nəqliyyat potensialının gücləndirilməsi istiqamətində aktiv siyasət yürüdür. Bunun bizim qarşımızda dayanan strateji əhəmiyyətli vəzifə olmasını gizlətmirəm. 2030-cu ilə qədər 11 min km dəmir yolu xətti təmir etmək və 5 min km-dən çox yeni dəmir yolu çəkmək niyyətindəyik. Bu, ölkənin nəqliyyat imkanlarını xeyli artıracaq. Orta Dəhliz kimi də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb. Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq 1,7 milyon ton, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağını gözləyirik. Bunun üçün həm tələbat, həm də texnoloji imkanlar mövcuddur. Bu səbəbdən Astana ilə Bakı bu sahədə kompleks addımlar atır. Bunun bariz nümunəsi 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində “Orta Dəhliz”in inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsidir. Xəzər sahillərindəki dəniz limanlarımızın genişmiqyaslı müasirləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə” formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacaq. Bunun üçün biz kəsintisiz rəqəmsal dəhliz hazırlamış transmilli PSA Sinqapur şirkətini cəlb etdik. Biz dəmir yolu nəqliyyatı sahəsində innovativ həllərin tətbiqi üçün “Huawei”, “Wabtec”, “Alstom” kimi qlobal şirkətlərlə fəal əməkdaşlıq edirik. Onlar bu sahəni daha rəqabətli və səmərəli edəcəklər. Marşrutun gələcək inkişafı və onun digər nəqliyyat dəhlizləri ilə əlaqəsi də perspektivli hesab olunur ki, bu da Cənubi Qafqazla Türkiyənin Qazaxıstan, Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi Birliyi (AİB) və Çinlə daha geniş transregional inteqrasiyası üçün əlavə imkanlar təmin edəcək. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük potensiala malikdir və təbii ki, bu mühüm layihənin həyata keçirilməsində Qazaxıstanla Azərbaycanın rolu olduqca böyükdür. Bu arteriyanın inkişafı ticarət dinamikasının genişlənməsinə töhfə verməklə yanaşı, Şərqlə Qərb arasında əlaqələndirici körpü kimi ölkələrimizin mövqeyini möhkəmləndirəcək.
- Azərbaycan da Qazaxıstan kimi enerji sektorunun, o cümlədən “yaşıl” iqtisadiyyatın və bərpa olunan enerji mənbələrinin inkişafına böyük diqqət yetirir. Bildiyimiz qədəri ilə ölkələrimiz bu sahədə bir sıra perspektivli layihələr həyata keçirir. Onlar haqqında bizə ətraflı məlumat verə bilərsiniz?
- Bu gün bütün sivil dünya iqtisadiyyatın dərindən karbonsuzlaşdırılması məqsədinə doğru irəliləyir və Qazaxıstan da istisna deyil. Biz qarşımıza 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq kimi kifayət qədər iddialı bir məqsəd qoymuşuq. Ölkədə elektrik enerjisi istehsalının 70 faizinin kömürdən istifadə hesabına təmin edildiyini nəzərə alsaq, bu, kifayət qədər çətin hədəfdir. Buna baxmayaraq, ölkəmizdə “yaşıl” enerjinin potensialı çox böyükdür: söhbət ildə 1 milyard GVt/saat enerjidən gedir. Bununla əlaqədar olaraq, bu gün dünyanın ən böyük şirkətləri investisiya yatırmağa böyük maraq göstərirlər. Ən perspektivli və irimiqyaslı layihələrdən biri Manqistau regionunda “yaşıl” hidrogen istehsalı layihəsidir. Orada Almaniya-İsveç şirkəti “Svevind Energy Group” ilə birgə 50 milyard avro dəyərində unikal müəssisə yaradılır. Yaxın zamana Qazaxıstanın cənubunda 1 GVt gücündə külək elektrik stansiyası tikiləcək. Həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və s. bu kimi aparıcı qlobal şirkətlərlə layihələrin həyata keçirilməsi strateji rol oynayır. Mən bilirəm ki, Azərbaycan da “yaşıl energetika” ilə bağlı gündəliyin fəal təbliğində ciddi uğurlar əldə edib. Bu gün ölkəniz xarici bazarlarda uğurlu elektrik enerjisi təchizatçısıdır və Avropa İttifaqının “Global Gateway” layihəsinin bir hissəsi olan “Qara Dəniz Enerjisi” (“Black Sea Energy”) adlı təşəbbüsdə iştirak edir.
Qazaxıstanın nəhəng bərpa olunan enerji potensialını nəzərə alaraq, biz Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla, əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq.
Ötən ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri Qazaxıstan və Özbəkistandan Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə ediblər.
Həmçinin “yaşıl” energetika sahəsində layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün yekununda ölkələrimiz Avropaya elektrik enerjisi ixracı üzrə birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasının hazırlanması barədə razılığa gəliblər.
Beləliklə, Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək.
- Bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Qazaxıstan yaxın illərdə BMT-nin dəstəyi ilə iki böyük iqlim sammiti keçirəcək. Biz bunu beynəlxalq ictimaiyyətin göstərdiyi etimad kimi qiymətləndiririk. Qazaxıstan bu istiqamətdə hansı ideyaları, təcrübə və bilikləri bölüşə bilər?
- Hazırda üzləşdiyimiz bütün çətinliklərdən bəlkə də ən əhəmiyyətlisi iqlim dəyişikliyidir. Mərkəzi Asiya bu problemlə mübarizədə ön sıralarda yer alır. Hətta 2050-ci ilə qədər qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatsaq belə, hansı ki, getdikcə daha çətin görünür, biz Mərkəzi Asiyada 2 - 2,5 dərəcə temperatur artımı ilə üzləşəcəyik. Biz su ehtiyatlarının tükənməsi prosesindən narahatıq. Mərkəzi Asiyada quraqlıq və daşqınlar geniş miqyasda ziyan vuracaq və kənd təsərrüfatı sahəsinin məhsuldarlığı 30 faiz azalacaq. İqlim dəyişikliyinin yaratdığı risklərin nəticəsində 2050-ci ilə qədər təxminən 5 milyon daxili miqrant olacaq. Bu amillər birbaşa və ya dolayısı yolla dövlətlərimizin davamlı inkişafına ciddi təhlükə yaradır. Sizin də düzgün qeyd etdiyiniz kimi, regional prosesi gücləndirmək və birgə səyləri sürətləndirmək məqsədi ilə artıq 2026-cı ildə Qazaxıstanda BMT çərçivəsində Mərkəzi Asiya Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə ölkəmiz çıxış edib və biz Azərbaycanı əsas qonaqlar qismində görməkdən şad olarıq. İnanıram ki, bu təşəbbüs səmərəli iqlim siyasətinin irəliləməsinə kömək edəcək və Mərkəzi Asiya ölkələrində davamlı enerjiyə keçidi sürətləndirən investisiyaların cəlb edilməsini asanlaşdıracaq. Sammit regionda karbon tullantılarının azaldılması üçün birgə strategiyaların qəbuluna imkan verəcək. Ölkəmiz MDB məkanında ilk ölkələrdən biri kimi iri enerji, neft-qaz, sənaye, kimya və dağ-mədən sənayesi müəssisələrini özündə birləşdirən İstixana qazı emissiyaları üçün limit və ticarət sistemini işə salıb. Biz Azərbaycanın MDB məkanındakı türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq. Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq.
- Cənab Prezident, maraqlı və ətraflı müsahibə üçün Sizə təşəkkür edirik. Bakıya dövlət səfəriniz və Novruz bayramı ərəfəsində həmvətənlərimə nə arzu etmək istərdiniz?
- Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Bizim ortaq köklərimiz, yaxın dillərimiz, oxşar mədəniyyətlərimiz var. Biz bu gün birgə gələcəyimizi birlikdə qururuq. Tarixi uzaq əsrlərə gedib çıxan bu bayram birliyin, sülhün, harmoniyanın, dövrlərin və nəsillərin qırılmaz əlaqəsinin təcəssümüdür. Novruz bayramı ümumi irsimiz olmaqla Qazaxıstan və Azərbaycan xalqlarının mənəvi yaxınlığının möhkəmlənməsində mühüm rol oynayır.
Novruz yeni gün, yenilənmə deməkdir.
Simvolik olaraq hazırkı dövrdə Qazaxıstanla Azərbaycan arasında və bütün türk dünyasında yenilənmə, dirçəliş prosesləri gedir, biz əməkdaşlığımızın yeni dövrünə qədəm qoymuşuq.
Qardaş Azərbaycan xalqına bu bayramda xoşbəxtlik və gələcəkdə çiçəklənmə arzulayıram.
Novruz bayramınız mübarək!
"Aİ" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib