Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Konstantin Kalaçev: "Azərbaycan həmişə özünə məxsus olanı qaytara bilər"
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına qarşı çıxan "Vətən naminə Tavuş" hərəkatının Ermənistanda etiraz aksiyaları artıq bir neçə həftədir ki, davam edir. Son günlər isə sərhəd mövzusu tədricən bir əsas tələbə - Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinə çevrilib.
Müxalifət artıq baş nazirliyə öz namizədini irəli sürüb. Bu, Tavuş arxiyepiskopu Baqrat Qalstanyan oldu ki, "Qarabağ klanı" və Ermənistanın digər radikal qüvvələri onu dəstəklədilər.
Bu arada, rəngli inqilab (bənövşəyi şərflər, avtomobil mitinqləri, yolların bağlanması, hakimiyyətə sonsuz ultimatumlar, hansı ki, sadəcə olaraq havada qalır) ssenarisi üzrə inkişaf edən etiraz aksiyasının özündə bir çox qəribəliklər var. Aydındır ki, Qərb Paşinyanı dəstəkləyir, çünki Qərb mətbuatında "nümayişçilərin vəhşicəsinə dağıdılması"nı tənqid edən bir paylaşım belə olmayıb. Eyni zamanda, Baqrat Qalstanyan tipik "qərbli"yə çox bənzəyir. O, Böyük Britaniyada (Lids Universiteti) təhsil almış Kanada vətəndaşıdır. Rəngli inqilablar Qərb texnologiyasıdır, lakin bu texnologiyadan qərbyönümlü Paşinyana qarşı istifadə olunur.
Məşhur rusiyalı politoloq, "Siyasi ekspertlər qrupu"nun rəhbəri Konstantin Kalaçev Oxu.Az-a müsahibəsində mövzu ilə bağlı danışıb.
- Ola bilərmi ki, rəngli inqilablar üsulundan Qərb yox, hansısa başqa qüvvələr istifadə edir?
- Rəngli inqilablar deyilən proseslərin monopoliyası heç kimin əlində deyil. Bunlar hakimiyyətin dəyişdirilməsi texnologiyalarıdır, bundan isə qərbdə, şərqdə, cənubda və şimalda hər kəs istifadə edə bilər. Bütün bunlar müxtəlif siyasi ekspertlər və politoloqlar tərəfindən kitablarda təsvir edilib. Bu, məhz alətdir, ideologiyalaşdırılmayıb və ondan istənilən - solçu, sağçı, rusiyapərəst, anti-Rusiya, qərb, anti-qərb qüvvə silah kimi istifadə edə bilər. Lakin məsələ ondadır ki, onlar baş nazir Nikol Paşinyanı devirmək istəyirlər. Ona görə də bunun kimə sərfəli olduğunu axtarmaq lazımdır.
Bu, çətin ki, Azərbaycan üçün sərfəli olsun və ümumiyyətlə, bunun çox az adama faydası ola bilər, çünki Paşinyandan sonra hakimiyyətə revanşist qüvvələr gələ bilər. "Tarixçilik" və "realizm" arasında mübarizə gedir. "Vilson Ermənistanı", "Kilikiya Ermənistanı" və s. var idi. Təbii ki, "böyük Ermənistanı" "dirçəltmək" və onu tarixi əfsanələr, miflər, xurafatlar, saxtakarlıqlar və onların interpretasiyaları üzərində qurmaq mümkündür. Amma real siyasət də yürütmək olar. "Realizm" burada o anlayışı ifadə edir ki, sərhədləri tanınmış və qonşuları - Azərbaycan, Türkiyə ilə normal münasibətlərə malik kiçik bir dövlətin olması daha yaxşıdır. Bu, açıq sərhədlərə malik olaraq inkişaf etməyə imkan verəcək.
Ərazilər uğrunda vuruşmağa, revanş əldə etməyə, Qarabağı işğal etməyə, dörd kəndi yenidən ələ keçirməyə və s. cəhd etmək də bir ideyadır. Lakin Paşinyan hazırda nümayiş etdirir ki, o, balanslı siyasətçidir və Qafqazda qüvvələr nisbətinin dəyişdiyini, Azərbaycanın iqtisadi və hərbi potensialının daha yüksək olduğunu, ona görə də döyüşməyin mənasız olduğunu, danışıqlar yolu ilə razılığa gəlməyin zəruriliyini başa düşür. Müharibə istənilən halda Ermənistanın məğlubiyyəti ilə başa çatacaq, o zaman başlamağın nə mənası var?
Amma revanşistlər, "tarixi Ermənistan"ın tərəfdarları var ki, Paşinyanı devirmək niyyətindədirlər. Onları Azərbaycana verilən dörd kənd yox, hakimiyyət məsələsi narahat edir.
Lakin onlar bundan sonra nə edəcəklərini bilmirlər. Əgər sən revanşistsənsə, təkcə bu kompleksləri nümayiş etdirməklə kifayətlənməməli, həmçinin gec, ya tez hakimiyyəti saxlamaq uğrunda müharibəyə başlamalısan. Bəs Cənubi Qafqazda diqqəti digər hər şeydən yayındıran müharibə kimə lazımdır? Cavabı mücərrəd saxlayacağam.
- Bəs Ermənistanda kifayət qədər uzun müddətdir davam edən və artım dinamikası gözə dəyməyən etirazların perspektivləri barədə nə düşünürsünüz?
- Etirazların perspektivləri iqtisadi vəziyyətdən asılıdır. Adətən varlıq çoxluğun şüurunu müəyyən edir. Ermənistan iqtisadiyyatı son iki ildə yaxşı nəticələr göstərir - 12% artım. Əgər qonşularla münasibətlərin tənzimlənməsi, sərhədlərin açılması və s. ermənilərə real iqtisadi üstünlüklər verəcəksə, o zaman revanşizm puç olacaq, Paşinyan isə yerində qalacaq. O, millətçi, ermənipərəst siyasətçidir.
Sizə bir misal gətirim, Nikol Paşinyan müəllimlərin maaşını üç dəfə artırdı. Bəs Ermənistanın əvvəlki rəhbərləri nə ilə məşğul idilər? Onlar sadəcə qılınclarını yelləyərək bildirirdilər ki, təkcə Qarabağdan deyil, ona bitişik beş rayondan da bir qarış torpağı belə qaytarmayacaqlar. Nəticədə onlar ölkəni iqtisadi fəlakətə sürüklədilər.
Etirazların perspektivi Paşinyanın ermənilərə təklif edə biləcəyi nəyinsə olub-olmaması ilə bağlıdır. Burada isə çox şey Rusiya ilə münasibətlərdən asılıdır, çünki Ermənistanın iqtisadi vəziyyəti Rusiyadan və ya Qərbin köməyindən asılıdır, amma bu, Qərb kömək etməyə hazır olduğu təqdirdə ola bilər ki, mən şəxsən buna şübhə edirəm.
Mövzunu davam etdirərək qeyd edirəm ki, müxalifətin indiki etirazları iqtisadi vəziyyətin pisləşməsi üzərində qurulsaydı, o zaman revanşistlər hakimiyyətə gələrdilər. Amma bu baş vermədi.
- Daha əvvəl siz qismən bu mövzuya toxundunuz, amma yenə də sualı verməyə bilmirəm. "Vətən naminə Tavuş" hərəkatının nəyə qarşı çıxdığı tam aydındır. Lakin onlar Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası əvəzinə nə təklif edə bilərlər? Bununla bağlı hər hansı aydın plan səsləndirilmədi.
- Bəli, mən artıq bu barədə danışmışam. Axı onların hansı aydın fəaliyyət planı ola bilərdi? Delimitasiya və demarkasiyanın dayandırılması və Qarabağın qaytarılması? Amma necə?
Azərbaycan həmişə özünə məxsus olanı qaytara bilər. Bu isə ya razılaşmalar əsasında, ya da güc yolu ilə baş verəcək. Bu, güc yolu ilə baş verərsə, o zaman Azərbaycan heç kimə heç nə borclu olmayacaq. Əgər razılaşmalara əsaslanarsa, o zaman bu, gələcəkdə hansısa normal münasibətləri nəzərdə tutacaq.
Bir daha vurğulayım, Ermənistanda etiraz edən bu insanların sadəcə olaraq heç bir planları yoxdur, ola da bilməz.
Nair Əliyev