"Ölkələrin vəziyyətləri fərqli olsa da, hamımızı birləşdirən ortaq məqsəd var. Bu da xüsusilə ən həssas əhali qruplarının mənzil təminatı ilə bağlı daha güclü təkliflər hazırlamağa imkan verir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında WUF13-də iştirak edən Meksikanın aqrar, ərazi və şəhərsalma inkişafı naziri Edna Elena Veqa deyib.
O bildirib ki, qısamüddətli təşəbbüslər yerinə problemlərin fundamental həllinə nail olmaq lazımdır:
"İlk növbədə ən həssas və ən çox ehtiyacı olan əhali qruplarına birgə şəkildə diqqət yetirməliyik. Bu yanaşma təkcə iqtisadi modeli deyil, həm də ərazi planlaşdırılması sistemini və cəmiyyətlə qarşılıqlı əlaqə mexanizmlərini dəyişdirəcək.
Açıq demək lazımdır ki, bütün bunların əsasında aydın və qəti siyasi iradə dayanır. Məhz buna görə də müxtəlif maliyyə mexanizmlərinə üstünlük verilməsi xüsusi əhəmiyyət kəsb edir".
Nazir sonda qeyd edib ki, Bakını qısa müddətdə görməsinə baxmayaraq, planlı quruluşu və memarlıq gözəlliyi xüsusilə diqqətini çəkib:
"Bakı çox gözəl şəhərdir. Qısa müddətdə görə bildiklərimiz belə onun nə qədər yaxşı planlaşdırıldığını və memarlıq baxımından nə qədər möhtəşəm olduğunu göstərdi. Yağışlı hava ilə qarşılaşdıq, bu da iqlimlə bağlı diqqət yetirilməli məsələlərin vacibliyini bir daha xatırlatdı. Bununla belə, şəhərin gözəlliyi, insanların qonaqpərvərliyi və xidmətin yüksək səviyyəsi gözləntilərimi üstələdi. Azərbaycan xalqının münasibəti, həqiqətən, heyranedicidir və bu, hər ölkədə rast gəlinən xüsusiyyət deyil".