Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclisin deputatı: “Azadlıq Meydanına Zəfər yaraşır”
“Bu günə qədər Azərbaycan xalqının meydanlarda toplanması daha çox insanlarımızı narahat edən problemlərin, onları razı salmayan siyasi qərarların, güc dövlətlərinin Azərbaycana qarşı haqsız yanaşmaları ilə bağlı idi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra uzun illər ərzində öz Silahlı Qüvvələrini formalaşdırmaqla, iqtisadiyyatının dayanıqlılığını təmin etməklə 2020-ci ildə qəhrəman övladlarının şücaətini Qarabağda nümayiş etdirdi:
“Azərbaycanın müasir tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq 2020-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini təkbaşına icra edərək işğal altında olan torpaqlarının geri qaytarılması və doğma Şuşa şəhərimizin azad olunması ilə yaddaşlara həkk olundu.
Xalqımızın birliyi, vəhdət təşkil edərək öz Sərkərdə oğluna olan etibarı İkinci Qarabağ-Vətən Müharibəsində azərbaycanlıların və müasir Ordumuzun yeni texnoloji, habelə innovativ çağırışları mənimsəyərək əzmkarlıq nümayiş etdirməsi ilə yanaşı, eyni zamanda dünya hərb tarixinə də yeniliklər gətirdi”.
Deputat Azərbaycanın son 200 ildən artıq dövlətçilik tarixində itirilmiş torpaqlarının geri alınmasına dair ordunun qətiyyəti 2020-ci il 10 dekabr tarixində müstəqil Azərbaycan Respublikasının paytaxtı, dünyanın ən gözəl şəhərlərindən olan Bakıda, Azərbaycan xalqının birlik, Vətənə sevginin, bağlılığın nümayiş yeri olan Azadlıq Meydanında ölkəmizin qardaşları, müttəfiqləri ilə böyük sevinclə, təntənəli şəkildə qeyd olunduğunu da deyib:
“Bununla da Azərbaycan xalqının meydanlarda toplanaraq öz gücünü, iradəsini dünya ictimaiyyətinə nümayiş etdirməsi erasının, şəhər və rayonlarımızın ən böyük meydanlarında həyata keçiriləcək qürurverici toplantıların, paradların əsası qoyuldu.
Artıq həmin Zəfər paradının keçirilməsinin üçüncü ildönümünü qeyd etməkdəyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 44 günlük müharibə zamanı həm Azərbaycan Ordusunun istifadə etdiyi 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Eyni zamanda bu parad qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi.
Zəfər paradının ən böyük özəlliyi, heç vaxt yaddaşlardan silinməyəcək məqamı mədəniyyətimizin incisi olan Şuşamızın azad edildikdən sonra qəhrəman övladlarımızın şəhər üzərində qaldırdıqları Zəfər bayrağının parada gətirilməsi və Ali Baş Komandan İlham Əliyevin, bütün Azərbaycan xalqının gözlərinin önündən qürurla dalğalanaraq keçirilməsi idi.
Bu gün fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu”.
Məzahir Əfəndiyev Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının ilk dəfə olaraq iştirak etmələri xüsusi əlamətdar hadisə kimi tarixə düşdüyünü qeyd edib:
“Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun, Azərbaycana dost və qardaş olan dövlətlərin nümayəndələri də iştirak edirdilər.
Təsadüfi deyil ki, paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdi.
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı, çıxış edərək Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Azərbaycanın qəhrəman övladlarını təbrik etməsi, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanmasını qeyd etməsi bütün azərbaycanlılara əlavə ruh yüksəkliyi bəxş edərək Qələbəmizin daimi olduğunu bir daha ortaya qoydu.
Prezident İlham Əliyevin “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözləri iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür.
Baxmayaraq ki, bu gün Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə öz Qələbəsini, eləcə də suverenliyini tam təmin edərək bütün dünyaya legitimliyini nümayiş etdirir, təəssüf ki, hələ də Sülh Sazişinin imzalanmasına maneə törədən qüvvələrin, mənfur dairələrin işbazlıqlarını müşahidə etməkdəyik.
Bu il, Azərbaycan xalqlı üçün öz əhəmiyyəti ilə seçilən “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin oktyabr ayının 15-də Xankəndidə hər bir azərbaycanlıya canı qədər doğma üçrəngli Azərbaycan bayrağını dalğalandırması, daha sonra 8 noyabr tarixində Xankəndinin şəhər meydanında xalqımızın qürurunu nümayiş etdirən növbəti hərbi paradı qəbul etməsi 10 dekabr – Zəfər paradının davamı oldu.
Beləliklə, Azərbaycan xalqına yaraşan bu möhtəşəm Zəfər hər zaman xalqımızın birliyi, həmrəyliyi və vəhdətini təşkil edərək meydanlarda toplanması, o cümlədən Azərbaycanın üçrəngli bayrağının fəxarətlə dalğalandırılaraq nümayiş olunması ilə qeyd olunacaq”.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində