"Ermənistan və Azərbaycan arasında anklavların dəyişdirilməsinə dair razılaşma mövcud deyil".
Oxu.Az Ermənistan mediasına istinadın xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan COP17 tədbiri çərçivəsində media nümayəndələrinə açıqlamasında bildirib.
Baş nazir Nikol Paşinyanın məsələnin həlli üçün müxtəlif variantların müzakirə edilməsi ilə bağlı paylaşımının mübadiləyə dair razılığın göstəricisi olub-olmaması barədə sualı cavablandırarkən, Qriqoryan belə bir razılaşmanın olmadığını vurğulayıb.
İrəvanın Bakıya anklavlar və eksklavlar məsələsi ilə bağlı hansı təklifi irəli sürdüyü soruşulduqda, baş nazirin müavini təfərrüatı açıqlaya bilməyəcəyini söyləyib.
"Təsəvvürlər və prosedurlar dəqiq şəkildə yazılıb və nizamlanıb, biz də təsdiq edilmiş reqlament çərçivəsində fəaliyyət göstərəcəyik", - deyə Qriqoryan qeyd edib. Anklavların mübadiləsinin nəzərdə tutulub-tutulmaması barədə suala isə o bildirib ki, onun fikrincə, bütün zəruri izahatlar artıq baş nazirin mətbuat konfransında verilib.
Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyan sülhün təmin olunması üçün sərhədin hər iki tərəfində anklav və eksklavların olmamasının vacibliyini bildirmişdi. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan müvafiq dəqiq ölçülərə malik əraziləri mübadilə etməlidir. Daha sonra o əlavə edib ki, keçmiş anklav ərazilərinin mümkün mübadiləsindən əvvəl delimitasiya prosesinin həyata keçirilməsi zəruridir. Bununla yanaşı, baş nazir ərazi mübadiləsinin təhlil tələb edən mürəkkəb hüquqi proses olduğunu vurğulayıb. Bu, variantlardan biri kimi çoxdan mövcud olub və Paşinyan keçmişdə də bu barədə danışıb.