"Avrasiya İqtisadi Komissiyası (AİK) Ermənistan istehsalı olan məhsulların Rusiyaya gətirilməsinə tətbiq olunan məhdudiyyətlər məsələsini nəzərdən keçirir".
Oxu.Az xəbər verir ki, bunu Ermənistan mətbuatına ölkənin baş nazirinin müavini Mqer Qriqoryan deyib.
"Müəyyən mal kateqoriyalarına dair bir neçə şikayətimiz mövcuddur. Balıq məhsulları üzrə bir qayda, meyvə və tərəvəz üzrə isə başqa bir prosedur tətbiq olunur. Bununla belə, bütün müraciətlər müzakirə prosesindədir. İnanıram ki, ilin sonunadək bu müzakirələr başa çatacaq və məsələyə yekun qiymət veriləcək", - deyə Qriqoryan vurğulayıb.
Xatırladaq ki, Ermənistan məhsullarının Rusiya bazarına ixracında yaranmış əngəllərlə əlaqədar iyunun 11-də AİK-ə şikayət ünvanlayıb. "Rosselxoznadzor" 2026-cı ilin mayından başlayaraq Ermənistan məhsullarının idxalına ardıcıl qadağalar tətbiq etməkdədir. İlk növbədə balıq və gül məhsulları, ardınca göyərti, tərəvəz və çiyələk yoxlanışlara cəlb edilib. İyunun 2-də qadağalar meyvələri əhatə edib, iyunun 12-dən etibarən isə konservləşdirilmiş qidalar xaric olmaqla, Ermənistan istehsalı olan bitki mənşəli məhsulların mütləq əksəriyyətinə aid edilib.
Rusiya qurumu qəbul etdiyi qərarları qeydə alınan qayda pozuntuları və fitosanitar təhlükəsizliyin qorunması ehtiyacı ilə əsaslandırır.
Bununla belə, Rusiya Ermənistanın aqrar məhsulları üçün başlıca satış bazarı statusunu qorumağa davam edir. Belə ki, bu ölkənin kənd təsərrüfatı ixracatının 90 faizdən çox hissəsi məhz Rusiyanın payına düşür.