Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Müharibədə neçə ölkənin iştirakı fərq etmir" - İsmayıl Haniyənin ölümündə yeni detallar
Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra paytaxt Tehranda qaldığı iqamətgahında sui-qəsd nəticəsində öldürülməsi ətrafında müzakirələr səngimək bilmir. Hadisəyə görə ittiham edilən İsrail və ABŞ dövlət səviyyəsində məsuliyyəti üzərlərinə götürməyiblər. İran Ali Milli Təhlükəsizlik Şurası və HƏMAS isə hadisəni törədənlərdən qisas alınacağını bəyan ediblər.
Təbii olaraq, hadisə həm dünya mətbuatının gündəmini zəbt edib, həm də qisas bəyanatları fonunda regionda eskalasiyanın körüklənəcəyinə konkret zəmin yaradıb. Artıq İranın Ali Rəhbəri Əli Xamenei İsrailə birbaşa zərbələr endirmək əmri verib. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını politoloq Tofiq Abbasov cavablandırıb:
- İsmayıl Haniyənin qətli ətrafında müzakirələr səngimək bilmir. Rəsmi məlumatlar da hadisəyə konkret qiymət vermək üçün yetərli deyil. Baş verənləri necə dəyərləndirmək olar?
- Dərin düşünəndə görmək olur ki, bu, terror aktıdır və burada tək İsrail yox, digər qüvvələrin də əli var. Çünki yeni məlumatlara görə, zərbə üçüncü ölkədən endirilib. Əlbəttə ki, İsrailin kəşfiyyat şəbəkəsinin gücünə şübhə yoxdur. Bu şəbəkə elə İranın daxilində də güclüdür. Digər tərəfdən, məsələyə daha dərindən qiymət vermək üçün İranın nüvə proqramının rəhbəri Möhsün Fəxrizadənin ölümünü xatırlatmaq yerinə düşür. Ona olan hücum 2020-ci il noyabrın 27-də, cümə günü baş vermişdi. Fəxrizadəni peyk vasitəsilə izləmişdilər. Alim həmin gün həyətindən çıxanda onun təhlükəsizliyinə cavabdeh olan şəxs Fəxrizadəyə qarşı sui-qəsd olacağı ilə bağlı məlumat əldə etdiklərini və buna görə də zirehli maşında getməli olduğunu deyib. Fəxrizadə isə bütün israrlara rəğmən, terrordan qorxmadığını deyib və öz şəxsi avtomobilində hərəkət etməyə üstünlük verib. Nəticə isə məlumdur, o, terror aktının qurbanı oldu.
Ümumiyyətlə, kəşfiyyat və əks-kəşfiyyat bir-biri ilə əlaqəli olur. Hətta bəzi casuslar bir neçə mərkəz üçün işləyirlər. Belə olduğu halda, əsas qayə ondan ibarət olur ki, qarşı tərəfin addımlarını qarşılamaq üçün səy göstərib opponentlərin hərəkətlərindən xəbərdar olasan. İsrailin Baş naziri Benyamin Netanyahu da ABŞ-dən təcili qayıdanda, görünür, əldə edilən hansısa məlumat əsasında "Hizbullah"a qarşı müharibəyə başlamaq üçün sanki icazə almışdı. Yəni İsrail çalışır ki, nəyin bahasına olursa-olsun, İranı müharibəyə cəlb etsin və Yaxın Şərqdə müharibə başlasın. Bu müharibədə neçə ölkənin iştirakı da fərq etmir, əsas odur, İran müharibədə iştirak etsin, ABŞ-də bu müharibəyə cəlb olunsun. Bir sözlə, Şərqə qarşı Qərb koalisiyası birləşsin.
Əbəs yerə deyil ki, artıq İsrailin NATO-ya üzv olması gündəmə gətirilib. Paralel olaraq da İsrail Türkiyənin alyansdan çıxarılmasını istəyir. Çünki Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Qəzzanı müdafiə etmək üçün İsrailə qoşun yeridə biləcəklərini istisna etməmişdi. Görünən odur ki, vəziyyət ancaq gərginliyə doğru gedir və münaqişəyə qoşulacaq potensial ölkələrin sayı artır. Hər halda, bir gün içində İsrail Livanda "Hizbullah"ın mövqelərinə zərbələr endirib təşkilatın ikinci şəxsi Fuad Şükrü, ardınca İran ərazisinə zərbə endirib, HƏMAS-ın liderini öldürdü.
- Əgər İsrailin məqsədi, həqiqətən, müharibəyə zəmin yaratmaqdırsa, İsmayıl Haniyənin və Fuad Şükrün ölümünü İsrailin İrana qarşı sonuncu müdaxiləsi saymaq olar?
- Faktiki olaraq, İsrail həm İranın ərazisinə müdaxilə etdi, həm də təhlükəsizliyinə əl qaldırdı. Bu isə "casus belli", yəni müharibə üçün əsasdır. Artıq Tehranda Əli Xameneinin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili və fövqəladə iclası keçirilib. İclasda hansı qərarların qəbul olunduğunu hələ ki bilməsək də, yəqin ki, bu, İranın cavabı ilə bağlı olacaq.
- Belə anlaşılır ki, proses məhz müharibənin başlanmasına hədəflənib?
- İsrail geri çəkilmək niyyətində deyil. Çünki məqsədi elə budur, böyük müharibənin başlanması. Bu, açıq həqiqətdir. Bu prosesin arxasında isə böyük cərəyanlar durur. İlk növbədə silah-sursat satan şirkətlər, hökumətlərin nəzarətində olan təsisatlar, hərbi podratlar və s. bu prosesin başlamasında daha çox maraqlıdır. Çünki onlar böyük maliyyə dalğalarını əhatə edirlər.
- İsrailə qarşı yeni və daha böyük cəbhə açıla bilər?
- Əlbəttə ki, anti-İsrail qüvvələrinin hamısı birləşəcək. İsrailin də çoxdankı arzusu o idi ki, İranla müharibəyə girsin, amma təkbaşına yox. Çünki bir müddət əvvəl İran İsrailə zərbə endirəndə, İsrail artıq müharibəyə hazır olsa da, Birləşmiş Ştatlar, xüsusilə Bayden administrasiyası İsrailə dərinə getməməyi tövsiyə etmişdi. Yəni "müharibə edə bilərsən, amma biz buna qatılmayacağıq". Məsələ bundadır ki, ABŞ-nin Yaxın Şərqdə silahlı qüvvələri, hərbi bazaları var. Fars körfəzində, Aralıq dənizində hava gəmiləri var. İran hipersəs raketləri ilə İsrailin hərbi bazasını hədəf alanda bütün zərbələrin hamısı dəqiq nöqtəyə dəymişdi. İran bununla həm də ABŞ-yə mesaj vermişdi. ABŞ-də də bunu yaxşı bilirlər. Hələ 2013-cü və 2017-ci ildə Pentaqon İranla müharibə edib-etməməklə bağlı araşdırma aparmış, lakin bütün mütəxəssislərin rəyi birmənalı olmuşdu: "İranla müharibə etmək təhlükəlidir". Çünki İran ilk növbədə proksi müharibələrin metodologiyasını yaxşı öyrənib və tətbiq edir. Üstəlik, İran həm xaricdə özünün şəbəkəsini gücləndirib, həm də elə silah növləri var ki, ABŞ-nin həm İraqda, həm Suriyada, həm də başqa ölkələrdəki hərbi bazalarını məhv edə bilər. Ona görə də vəziyyət çətindir. İsrail də əgər "qırmızı xətt"i keçməyə tələsirsə, bu, əsası olmayan cəhd olacaq.
Mərahim Nəsib
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- HƏMAS-la İsrail arasındakı mümkün razılaşmanın detalları bəlli oldu
- HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
- İsrail ordusu HƏMAS komandirini öldürüb
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib