"Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsində aktual məsələlərdən başqa, fövqəladə mövzuların müzakirə olunacağı gözlənilmir. Yəni, böyük ehtimalla, sakit və gərginlikdən uzaq bir sammit kimi yadda qalacaq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyənin Qazi Universitetinin professoru, siyasi analitik Bülent Aksoy deyib.

O bildirib ki, Prezident Trampın diqqəti öz üzərinə cəmləmək məqsədilə Avropa ölkələrinin liderlərinə təhdid xarakterli tənqidlər səsləndirməsi, İranla müharibədə mükəmməl uğur qazandıqlarını bildirməsi, Avropadakı müttəfiqlərini Hörmüz boğazının blokadası məsələsində onu tək qoymaqda ittiham etməsi, Avropanı Rusiyaya qarşı təkbaşına müdafiə etdiyini irəli sürməsi, eləcə də Qrenlandiya adasının gələcəyi ilə bağlı açıqlamaları yenidən gündəmin əsas mövzularına çevrilib:
"Zirvənin ən mühüm mövzusu isə Avropadakı müttəfiq ölkələrin müdafiəyə daha çox maliyyə vəsaiti ayırması oldu. Üzv dövlətlər 2035-ci ilə qədər müdafiə ilə əlaqəli xərcləri Ümumi Daxili Məhsulun 5 faizinə çatdırmaq hədəfi istiqamətində əldə olunan irəliləyişi qiymətləndirdilər. ABŞ Avropanın təhlükəsizlik yükünün daha böyük hissəsini öz üzərinə götürməsinin vacibliyini vurğuladı. Bununla yanaşı, liderlər Ukraynaya hərbi hazırlıq, texniki təchizat və maliyyə dəstəyinin davam etdirilməsini bir daha təsdiqlədilər. 2026-cı il üçün təxminən 70 milyard avro həcmində yardım öhdəliyinin yenidən təsdiqlənəcəyi gözlənilir".
Müsahibimiz əlavə edib ki, zirvə çərçivəsində keçirilən müdafiə sənayesi forumunda silah istehsalının artırılması, birgə layihələrin həyata keçirilməsi və yeni müdafiə investisiyaları əsas müzakirə mövzuları oldu:
"İranın nüvə proqramı, Hörmüz boğazında dəniz təhlükəsizliyi və regional sabitlik də liderlərin müzakirə etdiyi əsas məsələlər sırasında yer aldı. Bundan əlavə, Suriya Prezidenti Əhməd Əş-Şaraanın zirvə çərçivəsində Prezident Trampla görüşmək ehtimalı Yaxın Şərq məsələsinin qlobal aktor olan ABŞ tərəfindən gündəliyə daxil edildiyini göstərir".
"Zirvəyə ev sahibliyi edən Türkiyə yerli müdafiə sənayesinin imkan və qabiliyyətlərini müdafiə sənayesi sərgisində nümayiş etdirdi. Həmçinin NATO çərçivəsində müdafiə sənayesi sahəsində ticarətə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məsələsini gündəmə gətirdi. İnkişaf etməkdə olan texnoloji potensialı əsasında hava hücumundan müdafiə sistemləri və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini hədəflədi. ABŞ ilə keçirilən ikitərəfli görüşlərdə isə müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və bəzi sanksiya məsələlərinin həllinə üstünlük verildi. Bununla yanaşı, qlobal tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən zirvədə NATO üzv dövlətləri ilə yanaşı, Ukrayna, Avropa İttifaqı və Asiya-Sakit okean regionundakı tərəfdaş ölkələrin liderləri də iştirak etdilər. Yaxın Şərq və Hind-Sakit okean regionları ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi də zirvənin əsas gündəm mövzularından biri idi. Ümumilikdə isə zirvənin üç əsas istiqamətini Avropanın müdafiə sahəsində üzərinə düşən yükü artırması, Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsi və NATO-nun müdafiə sənayesi və çəkindirmə potensialının gücləndirilməsi kimi ümumiləşdirmək olar", - B. Aksoy diqqətə çatdırıb.
Analitik hesab edir ki, Prezident Ərdoğanın Fransa Prezidenti Makronu və Yunanıstanın Baş naziri Miçotakisi "Mehter marşı" ilə qarşılaması, xüsusilə Türkiyəyə qarşı terroru açıq şəkildə dəstəklədiyi iddia olunan bu iki ölkənin liderlərinə ünvanlanan güclü siyasi mesaj kimi qiymətləndirilir:
"ABŞ-dən sonra NATO-nun ikinci ən böyük hərbi gücü hesab edilən Türkiyənin yaxın gələcəkdə Avropanın təhlükəsizliyinin təmin olunmasında daha geniş rol oynayacağının gözlənilməsi isə zirvənin diqqətçəkən nəticələrindən biri kimi ön plana çıxdı".